Rusiya-Türkiyə strateji birliyi bizə nə vəd edir?
Putinin Türkiyə səfəri sözün əsl mənasında “həlledici təsirə malik səfər” adlandırıla bilər. Amerika və Avropa ölkələri bu səfəri birmənalı qarşılamadılar. Çünki hazırda Rusya təklənmiş ayıya bənzəyir. Nəhəng dövlətlər, o cümlədən, Amerika və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edir, onu iqtisadi cəhətdən zəiflətməyə can atırlar. Bu addımlar yatmış ayını yerindən tərpətmək deməkdir. Bəs ayı oyanıb nə edəcək? Putinin Türkiyəyə səfəri zamanı bu sualın ilk cavablarından birini gördük.
Putin bu səfərilə iki ölkə arasında hazırda 35 milyard dollar olan ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılmasının yolunu açdı. Budəfəki baxış tam fərqlidir. Çünki Amerika və Avropanın istəklərinə baxmayaraq, Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan boyun qaçırır. Rusiya isə həm də bu münasibəti strateji birlik səviyyəsində möhkəmlətmək üçün 40 milyard dollarlıq “Cənub Axını” layihəsini dayandırdı. Üstəlik, 2015-ci ilin yanvar ayından Rusiya Türkiyəyə satılan qazın qiymətini 6% endirəcək.
Səfər zamanı deyilən həlledici sözlərdən biri Putinin “Türkiyənin müstəqil qərar vermək gücünü təqdir edirik” ifadəsi idi. Görünür, elə bu müstəqilliyin nəticəsidir ki, Türkiyə ilə Rusiya Amerikanı qəzəbləndirən başqa bir razılaşmaya gəldilər: iki ölkə Amerika dolları yerinə Rubl və TL ilə ticarət aparacaq. Bu, Rusiyanın hazırkı durumunda onun üçün çox vacibdir.
İstisna deyil ki, Putin Türkiyəyə səfərilə Qərbi qıcıqlandırmaq istəyir və Ərdoğan da onun bu niyyətindən öz marağına uyğun istifadə edir. Avropa Birliyi Türkiyəni özündən uzaqlaşdırdıqca, Ankara daha çox Moskva ilə yaxınlaşır. Və Qərb artıq bu yaxınlaşmadan çox narahatdır. Çünki gələcəkdə Avropa üçün böyük əngəllər ortaya çıxa bilər. Baxmayaraq ki, Rusiya Əsədi dəstəkləyir, Türkiyə isə Rusiyanın Kırımı ələ keçirməsinə qarşı çıxmışdı, iki ölkə Qərbə qarşı birləşə bildiklərini ortaya qoydular. Bu isə Avropa və Amerikanı narahat etməyə bilməz.
İndiki halda Rusiya-Türkiyə strateji əlaqlərindən Azərbaycan da xeyir görə bilər. Ərdoğan Putinə dəstək verməsinin qarşılığında Qarabağ və Erməni məsələsinin həllini istəyə bilər. Məncə, Putinlə Ərdoğan arasında 3 saat davam edən danışıqlar zamanı bu məsələ də müzakirə olunub.
Mənimlə söhbətində Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay bildirdi ki, Ukrayna böhranında yalnız qalan Putin özünə bölgədə müttəfiq axtarmaq üçün Türkiyəyə səfər etmişdi. Türkiyə-Rusiya strateji yaxınlaşması istər-istəməz bir sıra dəyişikliklərə yol açacaq. Bu yaxınlaşma Azərbaycanı da gücləndirə bilər. Rusiya-Türkiyə-Azərbaycan bloku samballı bir güc tarazlığı deməkdir.
Politoloqun fikrincə, Ermənistan bölgədə varlığını davam etdirə bilməsi üçün Qarabağ məsələsinin həlini tapması lazımdır. Bu, 3 formada ola bilər. Ya Qarabağ müstəqil olacaq ki, bu, qətiyyən mümkün deyil; ya Ermənistana birləşdiriləcək ki, bu ehtimal da sıfıra bərabərdir. Qalır Azərbaycanın öz torpaqlarını qaytarması. Bu, ən real variantdır. Rusiya-Türkiyə yaxınlaşması fonunda Moskvanın bu məsələyə baxışları Azərbaycan-Türkiyə oxunun baxışları ilə yaxınlaşa bilər.