Bakıda evlərin qiyməti ucuzlaşıb? - Ekspert

Bakıda evlərin qiyməti ucuzlaşıb? - Ekspert
  09 Dekabr 2014    Oxunub:2636
Son vaxtlar Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Ev və torpaq alqı-satqısında artım demək olar ki, gözə dəymir.
Ekspertlər bunu söküntü işlərinə ayrılan vəsaitin azaldılması, Rusiya amili və dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər. İnsanlar arasında evlərin qiymətində məyyən qədər azalmaların olduğu deyilir.

Hazırda evlərin qiymətində ucuzlaşma müşahidə olunurmu?

“Biz apardığımız monitorinqlər nəticəsində konkret mənzil bazarında qiymət azalmasını müşahidə etmirik”.

Bunu AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən meyllər var:

“Hazırda mənzil bazarında ciddi qiymət azalması yoxdur, amma stabilləşmə müşahidə olunur. Paytaxtın əksər əraziləri üzrə son iki ayda qiymətlərin stabilləşməsi müşahidə olunur. Hələ ki, azalma müşahidə olunmur”.

R.Osmanlı bildirib ki, növbəti ilin əvvəlində hökumət tərəfindən qəbul olunacaq qərarların bu məsələyə əhəmiyyətli dərəcədə təsiri olacaq. Ekspertin sözlərinə görə, yeni söküntülərin olacağı ilə bağlı müəyyən informasiyalar var:

“Burada büdcə vəsaitlərinin çəkisi əsas rol oynayır. Büdcə vəsaitlərinin ilin əvvəlindən bu istiqamətə yönəldilməsi prosesi baş verəcəksə, qiymətlər yüksələ bilər. Amma söküntü prosesi ləngiyərsə, bu istiqamətə yönəldilən vəsaitlərin çəkisində ciddi azalmalar müşahidə olunarsa, söküntü işləri ən azından növbəti ilə qədər uzanarsa, o halda qiymət azalmasının başvermə ehtimalı var”-deyə ekspert vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti