Nazirlikdən qiymət artımı ilə bağlı daha bir AÇIQLAMA
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində manatın məzənnəsinin dəyişdirilməsindən sonrakı ilk günlərdə dərman preparatlarının qiymətlərində müşahidə olunan qiymət artımının qarşısı alınıb və dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.
Dövlət Xidmətinin ölkə ərazisini və bütünlükdə istehlak bazarını əhatə edən monitorinqləri zamanı bəzi ticarət obyektlərində bir sıra ərzaq malları üzrə süni qiymət artımı, habelə süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması halları müəyyən edilib. Bununla əlaqədar, həmin malların istehlak bazarında əsas təchizatçıları barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunvericiliyə uyğun tədbirlər görülür.
Monitorinqlər zamanı həmçinin, bəzi marketlərdə süni qıtlıq yaratmaq məqsədilə malların dövriyyədən çıxarılması, istehlakçıların qiymətdə və çəkidə aldadılması halları da aşkar edilmiş və bu qanunsuzluqların qarşısı alınıb. Qanun pozuntusuna yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülüb.
Dövlət Xidməti tərəfindən bir sıra ticarət obyektlərində əsassız qiymət artımı və istehlakçıların qiymətdə aldadılması üzrə yoxlamalar aparılmış və müvafiq tədbirlər görülüb. Artıq bir sıra ticarət müəssisələrində də həmin əlamətlər üzrə yoxlamalar aparılır.
Nazirlik bildirir ki, görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir və manatın məzənnəsinin dəyişdirilməsindən əvvəlki dövrdəki səviyyədədir.
Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.