`Banklara qarşı ciddi tədbirlər görüləcək`

`Banklara qarşı ciddi tədbirlər görüləcək`
  01 Aprel 2015    Oxunub:2333
Azərbaycan Mərkəzi Bankı (AMB) müştərinin razılığı olmadan kredit müqaviləsi şərtlərini dəyişən banklara qarşı ciddi tədbirlər görəcək.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisi bankdan götürdüyü krediti aldığı valyutada qaytarmalıdır: “Əgər bank müştərinin razılığı olmadan müqavilənin şərtini dəyişibsə və krediti digər valyutaya çeviribsə, bu, ciddi qanun pozuntusudur. Belə hallarda Mərkəzi Bank ciddi tədbirlər görəcək”.

E.Rüstəmov qeyd edib ki, əhalinin kredit yükünü azaltmaq üçün AMB banklara kreditlərin ödəniş müddətini uzatmağı və faiz dərəcələrini azaltmağı təklif edib.

O, eyni zamanda dollarlaşma prosesinə toxunub: “Bunun tempi azalır və proses davam edir. Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti