Bu şəxslərə güzəşt ediləcək - SƏRƏNCAM

Bu şəxslərə güzəşt ediləcək - SƏRƏNCAM
  17 Aprel 2015    Oxunub:4625
Azərbaycan Prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.

Sərəncamda qeyd olunur ki, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.

Nazirlər Kabinetinə iki ay müddətində suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti