Baş Prokurorluq sifarişli qətlin üstünü açıb

Baş Prokurorluq sifarişli qətlin üstünü açıb
  27 May 2013    Oxunub:1246
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 16-da Bakı şəhər sakini Həqzadə Mir Əli Vəkil Ağa oğluna Nəsimi rayonu ərazisində çoxsaylı bıçaq xəsarətləri yetirilməsi və mayın 18-də aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, M.Həqzadənin tanışı Aydın Rüstəmovla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar sonuncu qisas almaq məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək üçün tanışı Şahvələd İmanovla cinayət əlaqəsinə girərək sonuncuya 70.0 min manat verəcəyini vəd etməklə M.Həqzadəni öldürməsini sifariş edib. Ş.İmanov aldığı sifariş əsasında mütəmadi olaraq M.Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb və mayın 16-da sonuncu idarə etdiyi «Toyota Prado» markalı avtomobillə yaşadığı evin həyətinə gələrkən onun üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçmışdır. Xəstəxanaya yerləşdirilən M.Həqzadəyə göstərilmiş tibbi yardıma baxmayaraq o, aldığı ağır bədən xəsarətlərindən orada ölüb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Rüstəmov və Ş.İmanov tutularaq istintaqa cəlb olunub, A.Rüstəmovun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.1-ci, Ş.İmanovun əməli isə həmin məcəllənin 120.2.1, 120.2.5, 120.2.10-cu maddələrinə tövsif edilərək, onlara qeyd olunan maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti