Bakı Dairəvi yolunda tikinti işləri yekunlaşır

Bakı Dairəvi yolunda tikinti işləri yekunlaşır
  04 May 2015    Oxunub:1768
“Bakı-2015” I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC –dən AzVision.az verilən məlumata görə, yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin 13 kilometrində təmir işləri artıq yekunlaşıb, 1 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir.

Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, yəni “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər hərəkətlərini davam etdirəcəklər. Həmçinin Bakı dairəvi yolla şəhər mərkəzi istiqamətində gedən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaq imkanı qazanacaqlar. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.

Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Bu zaman yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb. Burada 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 200 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb.

Yolun təmiri tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti