Azərbaycanda 15 mindən çox iş yeri açılacaq

Azərbaycanda 15 mindən çox iş yeri açılacaq
  10 Fevral 2016    Oxunub:2765
Ötən il 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu nazirlikdə geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Bildirilib ki, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakıətrafı qəsəbələrdə olmaqla 46 işgüzar forum keçirilib, 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12 600-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilmiş kreditlərin 64%-i regionların, 36%-i Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötənilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək.

Kollegiya iclasında dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarların özəl bölmənin inkişafında mühüm əhəmiyyəti qeyd olunub, bu sahədə görüləcək tədbirlər geniş müzakirə edilib. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb. Eyni zamanda, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda dövlət rüsumu 4 dəfə az ödəniləcək. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Sahibkarların maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2015-ci ildə 132 tədbir keçirilib, 3000-ə yaxın tədbir iştirakçısına korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, ixrac imkanlarının genişləndirilməsi və s. məsələlər barədə məlumat verilib. Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 36 sahibkar və gənc menecer, indiyədək isə 256 sahibkar Almaniyada ixtisasartırma kursu keçib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” qanunda edilmiş dəyişikliyə uyğun olaraq, yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla, yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.

İclasda, həmçinin ənənəvi sənətkarlıq sahələrinin, xüsusilə xalçaçılığın inkişaf etdirilməsinin məşgulluğun artırılmasında rolu qeyd olunub, bu sahənin inkişafı üçün görüləcək tədbirlər müzakirə edilib. Bununla yanaşı, idxaldan asılılığın azaldılması, o cümlədən yerli istehsalda xarici komponentlərdən istifadənin aşağı salınması və onların yerli istehsalının təşkili üçün imkanların araşdırılması məsələləri də müzakirə olunub. Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədilə artıq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti