`Regionlarda biletlər Bakıdan ucuz ola bilər` - Cahangir Əsgərov

`Regionlarda biletlər Bakıdan ucuz ola bilər` - Cahangir Əsgərov
  18 Fevral 2016    Oxunub:4022
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Azərbaycanın regionlarına uçuşların təşkil edilməsində xarici aviaşirkətləri cəlb etməkdə maraqlıdır".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə AZAL prezidenti Cahangir Əsgərov "The Business Year" jurnalına müsahibəsində deyib.

"Biz "lou-kost" (aşağı büdcəli) şirkətlər də daxil olmaqla, müxtəlif aviaşirkətlərlə danışıqlar aparırıq. Bu kimi uçuşlar ölkədə turizmin inkişafına təkan verir. Azərbaycanın bir çox gözəl yerləri var ki, şübhəsiz, turistlər həmin yerləri gəzməkdən zövq ala bilərlər. Bundan başqa, Azərbaycanın regionlarındakı hava limanlarının xidmətləri və bilet qiymətləri də Bakı ilə müqayisədə daha ucuz ola bilər", - deyə C. Əsgərov bildirib.

AZAL prezidenti əlavə edib ki, qlobal maliyyə böhranı 2015-ci ildə bütün aviaşirkətlərə təsir edib: "Bir çox ölkələrdə çətin iqtisadi vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, o cümlədən, onların xaricdə tətil planları ilə bağlı xərclərinə qənaət etmələrinə səbəb olub. Buna görə də, bir çox ölkələrə aşağı büdcəli uçuşların təşkil edilməsi bizim tərəfimizdən atılan çox mühüm addım idi. 2016-cı ildə qiymət siyasətimizdə daha sərfəli və münasib şərtlər təqdim etmək üçün isə bu istiqamətdə işlər görməyi planlaşdırırıq. Paralel olaraq, başqa istiqamətlərə uçuşların təşkil edilməsi və birgə istismar haqqında razılaşmaların tamamlanması (code-share agreement) üçün beynəlxalq tərəfdaşlarımızla danışıqlarımızı davam etdirəcəyik".

AzVision.az


Teqlər:





Xəbər lenti