Əhali kredit borclarını qaytarmır

Əhali kredit borclarını qaytarmır
  19 Fevral 2016    Oxunub:14562
“Dollarla olan kreditlərin qaytarılmasında ciddi problemlər yaşanır”
Bunu AzVision.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, vətəndaşlar güzəşt edilmədiyi üçün dollarla olan kreditləri qaytarmırlar.

“Hazırda vətəndaşlarla banklar üz-üzə qalıb. Ən yaxşı halda banklar müştərilərə kreditin vaxtını uzatmaq, aylıq ödənişi aşağı salmağı təklif edir. Belə olan halda isə vətəndaşın banka ödəyəcəyi məbləğ çoxalır. Bu isə vətəndaşın xeyrinə deyil. Müştərilər bankdan xahiş edir ki, dollarla olan borclarını manata çevirsin. Təbii ki, banklar da bununla razılaşmır”.

Ekspert hesab edir ki, problemli kreditlərlə bağlı məhkəməyə müraciətlərin sayı artıb: “Əvvəllər daha çox banklar vətəndaşları məhkəməyə verirdisə, indi vətəndaşlar da bankları məhkəməyə verir. Sahibkarların, biznesmenlərin, firmaların banklara külli miqdarda borcu var. Onlar kredit borclarını qaytara bilmirlər. Banklara qarşı bu qədər iddianın çoxalması onların işini daha da çətinləşdirəcək. Hesab edirəm ki, bu məqamda banklar vətəndaşlara güzəşt etməlidir. Əks halda vəziyyət ürəkaçan olmayacaq”.

Ə.Həsənov əksər bankların kredit verilişini dayandırdığını qeyd edib: “Banklar ağır günlər yaşayır. Onlar əmin deyillər ki, kredit verəcəkləri şəxslər borcunu vaxtında qaytaracaq, yoxsa yox. Bu baxımdan kredit verilişləri dayandırılıb. Banklar ancaq maaşı yüksək olan vətəndaşlara kredit verir”-deyə Əkrəm Həsənov bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti