Aleksey Vlasov: “İlham Əliyev qalib gələcək”

Aleksey Vlasov: “İlham Əliyev qalib gələcək”
  18 İyul 2013    Oxunub:1475
“Rusiya-Azərbaycan münasibətlərində həll olunmamış bir çox məsələlər Azərbaycanda prezident seçkilərindən sonra iki dövlət liderinin görüşündən sonra həll ediləcək”.

Bu barədə məşhur rusiyalı politoloq, “Şimal-Cənub” Siyasi Mərkəzinin icraçı direktoru Aleksey Vlasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində keçirilən “Cənubi Qafqaz Regionu geosiyasi koordinatların müasir sistemində” seminarında bildirib.

Seminar Yaxın Şərq və Cənubi Qafqaz regionu üzrə məşhur politoloq və ekspertlərin iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistlərinin dialoqu formatında keçirilib.

“Bu gün Rusiya-Azərbaycan münasibətlərində iki vacib komponent çatışmır - qeyri-hökumət təşkilatları planında dialoqların inkişafının olmaması və hər iki ölkədə baş verən hadisələr barədə KİV-də yanlış informasiyanın mövcudluğu. Çox vaxt Rusiya və Azərbaycan KİV-i bir-biri barəsində yanlış informasiya dərc edir” - Vlasov qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər Cənubi Qafqaz geosiyasəti və ikitərəfli dialoq kontekstində əhəmiyyətlidir.

Azərbaycandakı seçki prosesini şərh edən Vlasov vurğulayıb ki, seçkilərin nəticəsi əvvəlcədən görünür – seçki hazırda dövlət başçısı olan İlham Əliyevin qələbəsi ilə başa çatacaq.

Onun sözlərinə görə, burada bütün maraq müxalifətin seçkilərə vahid namizədlə qatılıb-qatılmamasıdır. Məsələn, Rüstəm İbrahimbəyovun vahid namizəd kimi seçkilərə təqdim edilməsi ilə “Müsavat” partiyasının və İsa Qəmbərin razılaşması və seçkilərdə iştirakdan imtinası inandırıcı deyil.

Politoloq bildirib ki, öz aralarında bəzi fikir ayrılıqlarına baxmayaraq hakimiyyətdə olan elita, seçki kampaniyası müddətində İlham Əliyevin ətrafında birləşəcək.

Aleksey Vlasov əlavə edərək söyləyib ki, bugünkü müzakirələrdə iştirak edənlərin çoxu “Şimal-Cənub” Siyasi Mərkəzi tərəfindən təşkil edilmiş jurnalistika məktəbi keçiblər. O həmçinin gənc politoloqlar üçün də məktəb təşkil etmək barədə planının olduğunu bildirib.

Seminarda müasir geosiyasi vəziyyət barədə məsələlər, seçki prosesinin xüsusiyyətləri, Suriyada baş verən hadisələrin Cənubi Qafqaz ölkələrinin daxili siyasi sabitliyinə təsiri, region dövlətlərinin inteqrasiya bloklarında birləşməsinin perspektivləri müzakirə edilib.

Müzakirələrdə siyasi mərkəzin baş direktoru Sergey Mixeyev, İctimai-siyasi Tədqiqat Mərkəzinin direktoru Vladimir Yevseyev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik mərkəzinin böyük elmi işçisi Leonid Qusev kimi məşhur politoloqlar iştirak ediblər. Seminardan başqa jurnalistlər Kaluqada təşkil edilmiş Gənclər günündə iştirak ediblər.

Orxan Yolçuyev (Moskva)
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti