Şəmkirdə konfrans keçirilib

Şəmkirdə konfrans keçirilib
  15 Noyabr 2016    Oxunub:4007
Noyabrın 14-də Şəmkir Heydər Əliyev Mərkəzində Milli Məclisin Regional məsələlər Komitəsi, Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Şəmkir Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Konfransda Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov giriş sözü ilə çıxış ediblər. Konfrans iştirakçılarını salamlayan natiqlər yerli idarəetmədə, regional əhəmiyyətli iqtisadiyyat sahələrinin inkisarında, sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin artan roluna toxunaraq, bu qurumların maliyyə potensialının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Konfransda Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsində bələdiyyə-vətəndaş əlaqələrinin rolu”, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, əldə olunan uğurlar və nəticələr”, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev “Yerli vergi və ödənişlərin yığılması sahəsində bələdiyyələrin qarşısında duran vəzifələr, üzləşdiyi problemlər və onların həlli yolları”, Şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənov “Bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması, fəaliyyətinin təşkili təcrübəsi və perspektivləri”, Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli “Bələdiyyə mülkiyyətinin idarə edilməsi üsulları və perspektivləri”, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının departament direktoru Pərviz Muradov “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin bələdiyyələrdə tətbiqi təcrübəsi, üstünlükləri və perspektivləri” mövzularında çıxış ediblər. Sonra qeyd olunan məsələlər ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Noyabrın 15-də tədbir çərçivəsində konfrans iştirakçıları Şəmkir Bələdiyyəsinin tikinti-quraşdırma, qum-çınqıl emalı və üzlük daş istehsalı sahəsində fəaliyyət göstərən “Morul Tikinti”, iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyarnçöl”, həmçinin Çinarlı Bələdiyyəsinin kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşmış “Çinarlı” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin işi ilə tanış olacaqlar.


Teqlər:





Xəbər lenti