Bələdiyyələrin sayı yarıdan çox azaldılır

   Bələdiyyələrin sayı yarıdan çox azaldılır
  11 Oktyabr 2024    Oxunub:319
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir və ümumi say 684-ə endirilir.
Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1400-dən 684-ə düşəcək.

Qeyd edək ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir. Müəyyən olunmuş qaydada yaranan bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti