Milli Turizm Təbliğat Bürosu yaradılacaq

Milli Turizm Təbliğat Bürosu yaradılacaq
  17 Dekabr 2016    Oxunub:3324
Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə Milli Turizm Təbliğat Bürosunun (bundan sonra – Büro) yaradılması nəzərdən keçiriləcəkdir.
AzVision.az xəbər verir ki, bu bardə məlumat Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində yer alıb.

Qeyd olunub ki, bu tədbir nəticəsində gözlənilən səmərəlilik əldə edilərsə, bu təcrübə Azərbaycanın digər turizm regionlarına da şamil ediləcəkdir. Büro tərəfindən Bakı şəhərinin brend strategiyası ilə bağlı təkliflər hazırlanaraq təqdim ediləcəkdir. 2017–2020-ci illər üzrə Büronun bu strategiyada nəzərdə tutulmuş fəaliyyətlərini özündə əks etdirən fəaliyyət planı hazırlanacaqdır. Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin ediləcəkdir.

Büro fəaliyyətinin həyata keçirilməsi üçün bütün lazımi infrastrukturla təmin olunacaq və digər zəruri təşkilati işlər yerinə yetiriləcəkdir. Səmərəli fəaliyyətin təşkili məqsədilə xarici kommunikasiya vasitələri ilə əlaqələrin qurulması üçün Büro tərəfindən onlayn kommunikasiya platformaları yaradılacaqdır.

Bildirilib ki, Büro Bakı şəhərinin brendini formalaşdıracaq və onun beynəlxalq səviyyədə təbliği üzrə tədbirlər görəcək, eyni zamanda müəyyən edilmiş monitorinq metodologiyasına müvafiq olaraq təyin edilmiş müxtəlif indikatorlar əsasında müşahidələr həyata keçirməklə brendin təşviqi işlərinə nəzarət edəcəkdir. Monitorinq sisteminin bir hissəsi kimi, Büro dəqiq məlumatların toplanmasını, etibarlı turizm statistikasının hazırlanmasını və turizm reyestrinin səmərəli fəaliyyətini təmin edəcəkdir.

Monitorinq sisteminin nəticələri press relizlər vasitəsilə elan olunacaq, davamlı şəkildə onlayn kommunikasiya platformaları vasitəsilə ictimaiyyətə açıqlanacaq və Bakı şəhərinə gələn turistlərin məmnunluq səviyyəsinin artırılmaq üçün bir sıra tədbirlər həyata keçiriləcəkdir. Belə ki, onlayn platforma və yaxud digər müvafiq vasitələrlə turistlərin irad və təklifləri qəbul ediləcək və nəzərdən keçiriləcək, nəticədə, zərurət yarandığı təqdirdə, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət ediləcəkdir.

Büronun təsis edilməsi, onun fəaliyyətinin koordinasiyası, icra və nəzarət mexanizminin tətbiqi Bakı şəhəri ilə əlaqədar bütün tədbirlərin həyata keçirilməsi üçün əsas hərəkətverici mexanizm olacaqdır. Bu prioritetin tətbiqi nəticəsində 2020-ci ildə real ÜDM-in 5 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 10 milyon manat artacağı proqnozlaşdırılır.

AzVision.az





Teqlər:  





Xəbər lenti