Aqşin Yenisey: “Küçələrdəki gəncliyi Seymur Baycana halal edirəm”

Aqşin Yenisey: “Küçələrdəki gəncliyi Seymur Baycana halal edirəm”
  11 Mart 2013    Oxunub:6554
“Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər?”

Dünən gənc yazar Aqşin Yeniseyin Bakıda keçirilən “Əsgər ölümünə son” aksiyası ilə bağlı “Facebook”da yazdığı status müzakirə obyektinə çevrilib. Statusda deyilir: “Vallah bizim gəncliyin "siyasi inqilabı" mənə toyxanada mahnı sifarişinə görə düşən "yaxşı oğlanların" davasını xatırladır”.

Status aksiyaçı gənclərin, eyni zamanda, bir neçə gənc yazarın kəskin etirazına səbəb olub, onun ünvanına tənqidlər səsləndirilib. Bəs şair əslində bu statusu ilə nə demək istəyirdi? Tənqidlə qarşılanan bu fikir cəmiyyət tərəfindən kifayət qədər düzgün anlaşıla bilibmi, yoxsa bu reaksiyaları doğuran onun anlaşılmazlığıdı ?

Aqşin Yenisey AzVision.az-a açıqlamasında bildirib ki, əslində bu və bu kimi aksiyaların məqsədi heç də əsgər ölümlərinə etiraz deyil: “Gənclər guya əsgər ölümü ilə bağlı aksiya keçirirlər. Ancaq əsgər ölümü iki il, üç il bundan əvvəl də olurdu. Onda hardaydı bu gənclik? Niyə səslərini çıxarmırdılar? Niyə məhz seçki ərəfəsində əsgər ölümünü əllərində bayraq edirlər? Bir gənc əsgərin ölümünün üstündən siyasət yapmaq istəyirlər. Mən yaxşı bilirəm ki, bu gənclik hansı sosial qüvvələrin əlində oyuncaqdırlar. İplə oynadılan kuklalardırlar elə bil. Siyasətin kukla teatrıdır bu... Mən ona görə öz tənqidi fikrimi bildirdim ki, yəni siz iki il bundan əvvəl ölən əsgər üçün aksiya keçirmirdiniz? Və məlum oldu ki, bizim siyasi gəncliyimiz də dini gəncliyimiz kimi qaragüruhdan ibarətdir. Aksiyaçı gənclər arasında ideyaları arasında bir dənə ağıllı, alternativ fikir oxumadım. Yalnız söyüş, təhqir, xəyanət...”

Həmsöhbətimiz bildirir ki, əslində onun statusu indiki gəncliyin savadlı olmamasına təəssüfü idi: “Gəncliyimiz bir az savadlı olmalıdır. Onlar əgər ölkədə nəyisə dəyişmək istəyirlərsə, pisliyə doğru dəyişəcəklər. Bu gəncliklə gələcəyə getmək olmaz. Ayıbdır! Bu qədər müasir dünyada belə savadsız gənclik ölkəmiz üçün başaşağılığıdır. Görünür ki, gəncliyimiz tənqidə meylli deyillər. Hamısı guya müdrik, ağıllı gənclikdir, həqiqət yalnız bunların tərəfindədir. Bunlar nə dedisə, o olmalıdır. Mənim fikrim o mənada deyildi ki, onları təhqir edim, aşağılayım. O mənim fikrim idi, bu da onların öz fikirləridir və çox hörmətlə yanaşıram. Ancaq yenə də təəssüf edirəm ki, bizim gəncliyimzin dünyagörüşü bu səviyyədədir”.

Qeyd edək ki, yazar Seymur Baycan da Aqşin Yeniseyin statusuna qarşı çıxanlar sırasındadır. Hətta o, “Facebook”da öz statusu ilə şairi “toyxana təfəkkürlü” bir şəxs kimi qiymətləndirib: “Azad insan yaxşı və məhsuldar, azad olmayan insan isə Aqşin Yenisey kimi düşünür. Doğrudan da da insanin mənəvi çöküşü başlayanda dibə qədər gedir. Artıq sırtıqlaşır və heç nəyi özünə ar bilmir. Bir şair, yazar kimi mövqe bildirməməyini başa düşdük, heç olmasa mərifətin olsun , susmağı bacar. İki cümləlik statusu ilə özünü biabır etdi. Bir tərəfdən də onu başa düşürəm. Savasızlığın, aqrarlığın sonu belədi. Adamın təfəkkürü toyxana səviyyəsindən o tərəfə adlamayıb”.

Aqşin Yenisey isə bildirir ki, Seymur Baycanın haqqında dediyi tənqidi və xoş fikirlərə həmişə hörmətlə yanaşıb: “Seymur elə hesab edir ki, mən aşağılamaqla küçələrdəki gəncliyi öz tərəfinə çəkə, oxucusuna çevirə bilər. Mən də bəri başdan o küçələrə çıxıb camaatın pəncərəsini qıran gəncliyi-əgər onlar oxucudurlarsa-ona halal edirəm. Mənə lazım deyil elə oxucu!”

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti