Prezident qanuna dəyişikliyi təsdiq etdi

Prezident qanuna dəyişikliyi təsdiq etdi
  11 Mart 2013    Oxunub:1277
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişikliyi təsdiqləyib
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265) aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:

“Maddə 24-1. İanələr və qrantlar

24-1.1. İanə - qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır.

24-1.2. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.

24-1.3. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

24-1.4. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
24-1.5. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edlilir.
24-1.6. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2013-cü il.



Teqlər:





Xəbər lenti