“Gəncləri maviləşdirib, vətənə düşmən etmək cəhdlərinə son qoyulmalıdır”

“Gəncləri maviləşdirib, vətənə düşmən etmək cəhdlərinə son qoyulmalıdır”
  12 Mart 2013    Oxunub:2038
AzVision.az Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin həmin partiyanın veb-səhifəsində yayımladığı yazısını təqdim edir.
Mənim fikrimcə, biz çox qəribə zəmanədə yaşayırıq. İqtidarlı-müxalifətli, hər şeyi qarışdırmışıq. İqtidar haqqında danışmayacağam, iqtidarın səhvləri haqda əvvəllər də çox demişəm. Lakin müxalifət məni günü-gündən daha çox təəccübləndirir.
Müxalifət əslində güzgü rolunu oynamalı və iqtidarın səhvlərini göstərməlidir. Bizdə də müxalifət güzgü rolunu oynayır, amma məsələ bundadır ki, özünün əyri güzgülər dünyasını yaradıb və həmin əyri dünyanın güzgüsü rolunu oynayır. Adətən, müxalifət nə etməlidir? Əgər iqtidarın səhvlərini, onun dövləti və xalqı düzgün idarə etmədiyini görürsə, alternativ proqramlar hazırlamalı, düzgün yol göstərməli və nəhayət, xalqın inamını qazanmalıdır. Bizdə isə müxalifətin bir şüarı var: Qərb gəlsin bizə kömək etsin, biz hakimiyyətə gələk və... sonra gəlin, Azərbaycanı qarət edin.
Mənim fikrimcə, çox yanlış və xalqımızın, dövlətimizin maraqları baxımından həddən artıq təhlükəli yoldur və bu yolda, əfsuslar olsun ki, bizim müxallifət kiminlə istəsəniz (yaxud kim onları istəsə) əməkdaşlığa hazırdır.
2005-ci ilin parlament seçkiləri dövründə bizim müxalifətin tam “narıncılaşdığı” yadıma düşür. Baxırdın və bilmirdin – bu, buddist monaxlarıdır, yoxsa etiraz edən qədim yəhudi icmaları. Çünki qədimdə etiraz əlaməti olaraq, yəhudilər narıncı rəngə üstünlük verirdilər. Narıncı rəngdən Ukraynada da dövlət çevrilişi edəndə istifadə olunmuşdu. Azərbaycanda narıncılar yaxşı ki, qalib gəlmədilər. Çünki Ukraynadakı “narıncı inqilab” az qala Ukraynanın bölünməsinə və şərqi və qərbi Ukrayna arasında vətəndaş müharibəsinə gətirib çıxaracaqdı.
Bütün Qərb dünyasının üzdə olan liderləri tökülüşmüşdü Ukraynaya. Nəticədə tarixdə misli-bərabəri olmayan prezident seçkilərinin üçüncü (!) turunda Ukrayna xalqına, “yesən də, yeməsən də – budur”, deyib, Yuşenko-Timoşenko cütlüyünü hakimiyyətə gətirdilər. Bu hakimiyyət Yuşenko-Timoşenkoya yüz milyonlarla gəlir, Ukrayna xalqına isə – səfalət gətirdi. Ən əsası isə, bu qeyri-qanuni missiyanın həyata keçirilməsində əsas rol oynamış Avropa ölkələri üçün əlavə yük və məyusluq oldu. Çünki çox tezliklə, haqqında danışdığım seçkinin əsl qalibi Viktor Yanukoviç xalq tərəfindən hakimiyyətə gətirildi və bu dəfə “demokratik Qərb” heç nə edə bilmədi.
Sonra Gürcüstanda eyni ssenari üzrə, dövlət çevrilişi yolu ilə, “Qızılgül inqilabı” oldu, Saakaşvili hakimiyyətə gəldi. Amerika Birləşmiş Ştatları və NATO ölkələri demək olar ki, ölkəni idarə etdilər, Gürcüstana yaxşı qrantlar ayırdılar və bu qrantlar demokrat Saakaşvili və onun əsabələri tərəfindən həzmi-rabədən keçirildi, kocmetik dəyişikliklər edildi və nəticədə Gürcüstan, Abxaziya və Cənubi Osetiyaya əlvida deyib, üstünə böyük qırmızı bant bağlayıb, ərazisini Rusiyaya bəxşiş etdi. Gürcü xalqı heç nə qazanmadı, qazanan Saakaşvili, Qərb və Rusiya oldu.
Qırğızıstanda da, Qərb ölkələri “Zambaq inqilabı” etdilər. Nəticədə yoxsul Qırğızıstan daha da yoxsul oldu və iki vətəndaş müharibəsindən keçdi.
Qərb hələ çox yerdə belə “demokratiya” qurmaq və belə “inqilablar” etmək istəyir. Lakin bunun üçün milli xainlər lazımdır.
Mənim fikrimcə, hesab edirlər ki, belələrini Azərbaycanda tapıblar. Təsadüfi deyil ki, bütün bu “inqilablarda” (dövlət çevrilişlərində) siyasi texnoloq və pul kisəsi rolunu oynayan, gəncləri ələ alan Aleks Qriqoryevs Azərbaycandadır və cənclərlə iş aparır. Ümumiyyətlə, onun gənclərə həvəsi başa düşüləndir. Bu, keçmiş Latviya vətəndaşı postsovet məkanında ilk dəfə “gey-parad” keçirtməyi planlaşdıran adamdır. Bu nöqteyi-nəzərdən onun gənclərə marağı başa düşüləndirsə, gənclərin ona marağının səbəbi ilk baxışdan anlaşılmır. Üzeyir bəyin ölməz “O olmasın, bu olsun” musiqili komediyasında “intellegent Həsən” demişkən, axı bu Aleks Qriqoryevsin nəyi gənclərin xoşuna gəlir:
– Cavan olması? Xeyr, Aleks Qriqoryevsin 59 yaşı var, hətta deyərdim ki, qocadır. Boy-buxunu? Xeyr – o da gözəyatımlı deyil. Sifəti? Şəklinə baxsanız, görərsiniz ki, meymuna oxşayır. Bəs nəyi?
Bəli, pulu, özü də öz pulu yox, Amerika Demokratik İnstitunun ABŞ büdcəsindən ayrılan pulu. Bu isə, Azərbaycan cəmiyyətində, əfsuslar olsun ki, əsas meyarlardan birincisinə çevrilib.
Mənim fikrimcə, vaxtilə, “Corc Soros möhtəkirdir, özü də vicdansız möhtəkirdir, bir çox xalqları bədbəxt edib”, deyən bir şəxs Soros Fonduna işləməyə gedirsə, digər bir şəxs həmin Fondda işləyib, “iki milyon dollar nədir ki, iqtidar bundan qorxur” sözlərini dilinə gətirirsə, bu – “Məşədinin hamamının suyunun kəramətindəndir”, yəni puldandır. İndi qeyri-hökumət təşkilatları yaxalarını cırırlar ki, ay aman qoymayın, birdən Azərbaycan iqtidarı Amerika Demokratik İnsitutunu bağlayar və onlar “tulapayı”sız qalarlar. Kimə gəldi, necə gəldi pul naminə özünü dürtüşdürənlər məni maraqlandırmır. Məni maraqlandıran gənclərimizdir! İstəməzdim ki, meyilliliyi, əqidəni, mənliyi və məhəbbəti pul ilə alan Aleks Qriqoryevs gənclərimizin beyninə hakim olsun. Əvvəlki yazımda fikrimi bildirmişdim ki, gənclərimizdə vətənpərvərlik ruhu var, bu vətənpərvərlik ruhunu qoruyub saxlamaq, Azərbaycan xalqını və Azərbaycan dövlətini qoruyub saxlamaq deməkdir.
Mənim fikrimcə, Aleks Qriqoryevslərin Azərbaycanda fəaliyyət göstərib, gəncləri maviləşdirib, vətənə düşmən etmək cəhdlərinə qəti şəkildə son qoyulmalı və xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının fəaliyyətinə xitam verməmək şərtilə, onlara “xarici dövlətlərin agenti” statusu verilməlidir.


Teqlər:  





Xəbər lenti