İlham Əliyev Kral Nikolay sarayında olub

İlham Əliyev Kral Nikolay sarayında olub
  13 Mart 2013    Oxunub:1329
Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayında olub.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxıb.

Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir.
Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar vardır. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.
Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilib.
Muzeyin ekspozisiyası ilə tanış olan dövlətimizin başçısına məlumat veriilib ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanıb. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun milli sərvəti olan bu eksponatlar və əşyalar ilk növbədə bu ölkənin tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə də böyük maraq yaradır.
Sonda Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.



Teqlər:  





Xəbər lenti