Təcrübə siçanı olmaq istəyənlərə

Təcrübə siçanı olmaq istəyənlərə
  15 Mart 2013    Oxunub:2030
Vüsal Məmmədov

Bu ölkədə qəribə bir zümrə formalaşıb: xarici təşkilatları müdafiə edənlər. Kimdən? Azərbaycan hakimiyyətindən! Bir azca dərindən düşünəndə çox absurd mənzərə alınır: hansısa Azərbaycan vətəndaşı hansısa xarici təşkilatı Azərbaycan hökumətindən müdafiə edir... Niyə?..
Çox küt bir səbəbi var: bu qafa yiyələri inanırlar, ya da özlərini inanırmış kimi göstərirlər ki, həmin xarici təşkilatlar Azərbaycan xalqını və dövlətini Azərbaycan hökumətindən daha çox düşünür.

Soruşmaq istəyirəm: siz hansısa QHT-yə başçılıq etsəydiniz, özgə bir xalqa və dövlətə görə doğrudan da ciddi narahatlıq keçirər, onların hüquqlarının müdafiəsi uğrunda mübarizə aparardınızmı? Amma səmimi olun. Tutaq ki, Qasım adında biri Amerika xalqı üçün çox narahatdır... o dərəcədə narahatdır ki, Azərbaycanda qazandığı pulları aparıb Amerikada onların uğrunda xərcləyir... İnandırıcıdırmı?.. Bəs əksinə niyə inanırsınız?! Hansı ağılla?

Kimsə doğrudan da inanırsa ki, hansısa yanki Azərbaycan xalqının taleyindən çox narahatdır, bunun üçün vurnuxur, özünü oda-közə vurur, yerli təşkilatları maliyyələşdirir - bu adam ya ifrat axmaqdır, ya da ifrat qərəzli. Bir dəstə var ki, “onlar bizə demokratiya gətirirlər” deyərək, xarici təşkilatları öz dövlətindən üstün tutur. Adam, mən hələ azərbaycanlıya özünə tay insan kimi baxan bir amerikalı görmədim. Sənin ölkəndə sənə yuxarıdan-aşağı baxan məxluqun bura demokratiya gətirəcəyinə necə inanırsan?..

Demokratiya gətirməyin özündə artıq bir paradoks var. Əgər biri sənə demokratiya gətirirsə, demək, hesab edir ki, sən özün demokratiya yarada bilmirsən. Səni bu gözlə görürsə, yuxarıdan-aşağı baxması qaçılmazdır. Sənə yuxarıdan-aşağı baxan adam isə demokrat ola və demək, demokratiya gətirə bilməz. Qapalı dairə alınır.

Ən dözülməzi odur ki, hansısa yankinin qabağında quyruq bulayanlar həmin o qrinqonu tənqid edənləri hakimiyyətə yaltaqlanmaqda suçlayırlar. Yox, şəxsən mən bunu böyük məmnuniyyətlə, zövq almaq xətrinə edərəm! Bu yazını yazdığım kimi. NDI kimi neçə təşkilatı unitaza töküb, sifonu məmnuniyyətlə çəkərdim. Çünki mənə əsla xoş deyil ki, hansısa qrinqo oturub burada kütləni necə idarə eləmək barədə planlar qurur, sonra da onu reallaşdırmaq üçün pul ayırır. Kiminsə nəzərində təcrübə siçovulu olmaqla razılaşan insandan nəinki vətəndaş, nəinki demokrat, heç tullantı da çıxmaz.

Mənim üçün qətiyyən maraqlı deyil, NDI-ı kim hansı məqsədlə “vurur”. Mənim üçün maraqlı və önəmli olan budur ki, NDI da Azərbaycan xalqıyla manipulyasiya eləyən təşkilatlardan biridir. Bu təşkilatı hansı məntiqlə müdafiə eləmək olar axı?.. Nə deyərək?.. “Hörmətli qrinqo, əcəb eləyib Azərbaycan xalqına laborotoriya siçanı kimi yanaşırsan, buyur, davam elə...” Budurmu sizin NDI kimi qurumları müdafiə etməkdə arqumentiniz?.. Yox, bu deyilsə, onda nədir?..

“Hakimiyyət ona görə xarici təşkilatlardan qorxur ki, ölkədə inqilab olar...” - düşüncəyə baxın da. İnqilabdan hakimiyyət niyə qorxsun ki, inqilabdan sən qorxmalısan. Çünki inqilab olsa, əl-ayaq altda qalmaq ehtimalı olan sənsən, hakimiyyət yox. İnqilabın baş verdiyi bütün başqa ölkələdə olduğu kimi.

“Bizim məmurlar harındırlar” kimi əsas gətirənlərə isə tam səmimi sözümdür: mən Azərbaycanın ən qurumsaq məmurunu bu ölkəyə “demokratiya” gətirən yankidən üstün tuturam. Çünki o, bizim öz qurumsağımızdır. Başını dik tutan ölkənin ən qurumsaq məmuru həmin ölkənin başından basmağa çalışan qrinqodan daha dəyərli şəxsdir. Bunu başa düşməyincə sizdən vətəndaş olmayacaq.


Teqlər:  





Xəbər lenti