Aybəniz Haşımova:“Fəridin müsabiqəyə qatılmasını istəmirdim”

Aybəniz Haşımova:“Fəridin müsabiqəyə qatılmasını istəmirdim”
  15 Mart 2013    Oxunub:2480
Azərbaycanı “Eurovison-2013” Mahnı Müsabiqəsində təmsil edən Fərid Məmmədov “Bülbüllər” qrupunun solistidir.

AzVision.az bunu nəzərə alaraq, qrupun yaradıcısı, əməkdar artist Aybəniz Haşımovla F.Məmmədov haqqında söhbət edib.

A.Haşımova Fəridlə, eləcə də digər qrupun üzvləri ilə qürur duyduğunu vurğulayıb: “Mən qürur duyuram. Bülbüllərin solistləri bu günə qədər də mənim yanımdadırlar. İstəyirəm ki, hər biri ayrı-ayrılıqda inkişaf etsinlər, xüsusi istedadlarını nümayiş etdirsinlər. Axşam onun adı açıqlananda çox sevindim. Bu mənim fəxrimdir ki, 6 yaşından ürəyimin üstündə böyütdüyüm uşaq bu cür böyük nailiyyətlərə imza atdı. Amma ən böyük nailiyyəti də qarşıdadır. Ümid edirəm ki, o Eurovision səhnəsində də layiqincə çıxış edəcək. Buna onun imkanı da çatır. Çünki artıq uzun illərdir ki, o bunu mənim yanımda, müsabiqələrdə, festivallarda bunu nümayiş etdirir”.

Fəridin seçimlərə qatılmasının öz məsələhəti ya sizin məsələhətinizlə oldu sualına isə A.Haşımova belə cavab verdi:

“Bunu onun özü arzulamışdı. O gəlib dedi ki, müəllimə nə məsləhət bilirsiniz ? Doğrusu əvvəl mən narahat oldum. Ona görə ki, uşaqlar seçim zamanı böyük həyəcanlar keçirirlər. Allah uzaq eləsin, müsabiqədən keçməsə, böyük travma ala bilərdi. Yəni ona görə mən narahat idim. Dedim ki, oğlum bu çox çətin məsələdir. Bilirsən ki, çoxlu zəhmət çəkməlisən. Hətta elə ola bilər ki, sənin kimi gözəl istedadlı uşaqlar çox ola bilər və sən seçilməzsən. Dedim ki, bəlkə getməyəsən? O da bildirdi ki, müəllimə mən hər şeyə hazıram. əksinə mən düşünməyəcəm ki, qalib gələcəm. Düşünəcəm ki, öz istedadımı göstərəcəm. İndi onun müqabilində Allah məni necə qiymətləndirərsə, o da olar. Mən gördüm ki, o artıq mənəvi olaraq hazırdır. Dedim ki, get, məndə sənin arxandayam. əlimdən gələn nə kömək olsa, səndən əsirgəməyəcəm.

Təmsilçimizin final şousundakı performansından razı qaldığını bildirən Aybəniz Haşımova qeyd edib ki, Fəriddən həmişə razıdır: “O, 6 yaşından bu günə qədər heç vaxt səhnədə məni pərişan eləməyib. Fərid həm də mənim ilk tələbəmdir. Eləcə də məndə onun ilk müəlliməsiyəm. O, İncəsənət Universitetində təhsil alır, orada da müəllimələr var. Sağolsunlar, onlar da əziyyət çəkir. Amma hər halda bu illər ərzində Fərid daima mənim nəzarətimdə olub. Mən çox istərdim ki, Fərid İsveçdə Azərbaycana birincilik sevincini yaşatsın. Bunu böyük ürəklə arzulayıram. İstəyirəm ki, mənim övladım orada birinci yeri qazansın. Və bütün Azərbaycan öz övladı ilə fəxr eləsin. Çünki, Fərid indiyə kimi bütün festivallardan qələbə ilə qayıdıb. Mən ümid edirəm ki, bu dəfə də qalibiyyətlə qayıdacaq”-deyə, Aybəniz Haşımova əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti