Dünənki əsgər ölümü barədə RƏSMİ MƏLUMAT

Dünənki əsgər ölümü barədə RƏSMİ MƏLUMAT
  17 Mart 2013    Oxunub:2583
Dövlət Sərhəd Xidməti (DSX) Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı məlumat yayıb.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, martın 16-da DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə gətirilib, müayinə zamanı təzyiqinin kəskin surətdə aşağı düşməsi aşkar olunmuş və təcili olaraq Yevlax şəhər xəstəxanasına aparılıb.

Xəstəxanada həkimlərin ciddi səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb.Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər-hansı xarici yaxud daxili xəsarətalma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb.Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Məlumatda bildirilir ki, Əsgər Elvin Niftizadə 9 dekabr 1994-cü il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olub, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq Dövlət Sərhəd Xidməti sıralarına göndərilib. Xidmət etdiyi 2 ay ərzində özünü müsbət tərəfdən göstərməklə komandirlərin və əsgər yoldaşlarının rəğbətini qazanmış, sərhədçi peşəsinə böyük həvəs və maraq göstərərək xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidməti sıralarında müddətdən artıq hərbi xidmət etmək arzusu olduğunu bildirərək bu barədə hərbi hissə rəhbərliyinə müraciət edib. Dövlət Sərhəd Xidməti rəhbərliyi əsgər Elvin Niftizadənin vəfatından kədərləndiyini bildirərək onun valideynlərinə dərin hüznlə baş sağlığı verir. Allah əsgərimizə rəhmət eləsin.

Eyni zamanda, təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayılmışdır. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk.



Teqlər:  





Xəbər lenti