Bugünkü qəzetlərdən seçmələr

Bugünkü qəzetlərdən seçmələr
  18 Mart 2013    Oxunub:1738
Azadlıq

İcra başçısının qohumu həbs edildi


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun daha bir yaxın qohumu həbs edilib. Rayondakı mənbələrdən daxil olan xəbərdə deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi icra başçısının qudasının oğlu Fəxri İsmayılovu korrupsiya ittihamı ilə həbs edib. Fikrət İsmayılov rayondakı liseyin direktorudur. Qeyd edək ki, hələ bir neçə gün əvvəl icra başçısının yaxın qohumlarından biri olan Vəliyev Vüqar Tarix oğlu da rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dəstənin üzvü kimi həbs edilib.


Eldar Həsənov hansı vəzifəyə gətirilə bilər?

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun postundan geri çağırılması barədə ölkə başçısı Ilham Əliyevə müraciəti müxtəlif mülahizələrə səbəb olub. Hələ bir müddət əvvəl Eldar Həsənovun yüksək vəzifəyə gətiriləcəyi barədə yayılan məlumatlar daha da geniş işlənməyə başlandı. Lakin səfirin Ilham Əliyevə müraciətində incə bir məqam var. Eldar Həsənov bildirir ki, o səfir postundan geri çağırılmasını istəsə də, bundan sonrakı fəaliyyətini də diplomatik sahədə davam etdirmək arzusundadır. Əgər söhbət diplomatik fəaliyyətdən gedirsə, o zaman mümkündür ki, o, daha böyük bir ölkəyə səfir göndərilsin. Yaxud da Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər.


“Azərbaycan” İsmət Abbasovun “vurdu”

Rəsmi dövlət qəzeti “Azərbaycan” kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ilə tənqidi material dərc edib. “Bazara çevrilən yarmarkalar” başlıqı materialda yarmarkalara möhtəkirlərin, alverçilərin ayaq açdığı, sahibkarların incidildiyi, yarmarkalarda antisanitariyanın baş alıb getdiyi vurğulanır. Məlumat üçün deyək ki, kənd təsərrüfatı məhsulların satış yarmarkalarının Kənd Təsərrüfatı Nazirliyi təşkil edir. Deməli, bu tənqidlərə kənd təsərrüfatı naziri İsmət Abbasovun xüsusi payı var.


Putinin nümayəndəsindən Azərbaycanla bağlı qalmaqallı açıqlama

“Qəbələ RLS məsələsində Azərbaycanla Rusiya arasında razılığa gəlinməməsi nəticəsində bu hərbi obyektin bağlanması iki ölkə arasında hərbi əməkdaşlığı pozmuş oldu”. Bunu açıqlamasında Rusiya prezidenti Vladimir Putinin şəxsi nümayəndəsi Sergey Markov deyib. Onun sözlərinə görə, Rusiya bu məsələdə dost Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşsa da, bu, iki ölkənin əməkdaşlıq ruhuna uyğun olan addım deyildi. “Məhz Qəbələ RLS-lə bağlı qərar iki ölkə arasında hərbi əməkdaşlığa ciddi zərbə vurdu. Belə demək mümkünsə, bu sahədə gələcək əməkdaşlıq perspektivlərini kölgə altına qoymuş oldu”.


Yeni Müsavat

ADP-nin İqbal Ağazadənin namizədliyinə qarşı olduğu xəbəri yayıldı


Ümid Partiyasının Ali Məclisinin partiyanın sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürməsi “Qarabağ” siyasi blokunda təmsil olunan ADP-də birmənalı qarşılanmayıb. Belə ki, İqbal Ağazadənin “Qarabağ” blokunda məsələni müzakirə etmədən namizədliyini irəli sürməsi ADP-də narazılıq yaradıb. Məlumata görə bazar ertəsi (bu gün -red.) ADP Məclisinin toplantısı keçiriləcək və bu məsələnin də müzakirəsi gözlənilir. Hətta blokun buraxılma ehtimalı var: “ADP-də çoxluq Sərdar Cəlaloğlunun özünün namizəd olmasını istəyir. Amma partiya sədri bunda maraqlı deyil. Ağazadənin namizədliyinin dəstəklənməsi isə, ümumiyyətlə, istisna edilir”. Yayılan xəbərlərin nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün İqbal Ağazadə və Sərdar Cəlaloğlu ilə danışdıq. İ.Ağazadə bildirdi ki, bu məlumat sensasiya xatirinə yazılmış əsassız xəbərdir.


Gülər Əhmədova həbsxanadan yeni ittihamlar yolladı

Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovadan yeni açıqlamalar var. Sabiq deputatın budəfəki hədəfi keçmiş rəfiqəsi, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov olub. Vəkil G.Əhmədovaya istinadən bildirdi ki, S.Babayevanın vəfatından sonra Ayxan anasının cənazəsini Bakıya gətirmək üçün maddi köməklik istəyib. G.Əhmədova da mərhumun oğluna maddi yardım edib. Gülər xanım qohumlarından 20 min manat tapıb Ayxana verib. Ayxan da vəd verib ki, anasının dəfnindən sonra ondan miras qalan maşınları - ”Audi Q7", “Hammer”, habelə Sahil metrosunun üstündəki mənzili öz adına keçirəcək və həmin maşından birini satıb Gülər xanımın borcunu qaytaracaq. Lakin Ayxan həmin pulları qaytarmaqdan boyun qaçırıb və Gülər Əhmədovanı şantaj etməyə başlayıb. Şantaj yolu ilə Ayxan Gülər xanımdan 1 milyon tələb edib. Gülər xanımdan rədd cavabı alandan sonra o, mətbuata və istintaqa böhtan xarakterli məlumat verməyə başlayıb. Ayxan Məmmədov isə sabiq deputata cavab olaraq bildirib ki, mən anamın qanının heç vaxt satmaram. Bu deyilənlər tamamilə yalandır.


Oliqarxlarımızın Kipr banklarındakı milyardları təhlükədə

Dünyanın ən qaranlıq offşor bankçılıq zonası hesab edilən yunan Kipri Avropa İttifaqının antiböhran tələbləri çərçivəsində sensasion addım ataraq ölkə banklarında saxlanılan əmanətlərə böyük vergi tətbiq edib. Xarici mətbuatın xəbərlərinə görə, məqsəd banklarda saxlanan əmanətlərdən ölkədəki iqtisadi-maliyyə böhranına qarşı proqramı dəstəkləmək üçün vəsaitlərin toplanmasıdır. Yunan Kiprində qəbul edilən bu qanunla bağlı bir çox keçmiş sovet respublikalarının, o cümlədən Rusiya və Azərbaycandan olan oliqarxların milyardlarla dollar itirəcəyi gözlənilir.


Bakıdan Türkiyəyə sərt etirazlar

Qardaş ölkə Van-İrəvan aviareysinin açılmasına razılıq verib. Artıq rəsmi Bakıdan Ankaraya etirazlar gəlməkdədir. Trend-in məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: “Bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı həyata keçirilən separatçı fəaliyyət Türkiyənin rəsmi dairələri və ictimaiyyəti tərəfindən dəstəklənmədi. Biz Van ilə İrəvan arasında aviareysi dolayısı ilə də olsa, işğalçı rejimə, Ermənistanın rəsmi dairələrinə verilən dəstək kimi dəyərləndiririk”. “Azərbaycanın hakim partiyası Türkiyədən Ermənistanla aviareysinin açılması ilə bağlı izahatın verilməsini istəyir”. Bunu isə YAP-ın icraçı katib Əli Əhmədov şənbə günü jurnalistlərə bildirib.


Gündəm Xəbər

İrandan Azərbaycana qarşı şok iddia


“Rəsmi Bakı hələ də Qarabağ müharibəsi zamanı Azərbaycanın müdafiəsində iştirak etmiş əfqan mücahidlərinin maaşını verməyib”. Bu məlumatı İran kütləvi informasiya vasitələri “Səhər” TV-yə istinadən yayıb. Məlumata görə, adını açıqlamaq istəməyən İran İslam Respublikasının 1991-1994-cü illərdə Əfqanistanda ezamiyyətdə olmuş sabiq diplomatı belə bir iddia ilə çıxış edib. Sabiq diplomatın bildirdiyinə görə, Azərbaycan hökuməti hələ də əfqan mücahidlərinin maaşını vermədiyi üçün Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyasına bir neçə milyon borcludur: “Gülbəddin Hikmətyarın başçılıq etdiyi İslam Partiyasının mücahidləri İran İslam Respublikasının təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiəsində iştirak etmişdilər”.


Teqlər:  





Xəbər lenti