Əmlak və torpaq vergisi barədə nələri bilmirik? - Ekspert izah edir

 Əmlak və torpaq vergisi barədə nələri bilmirik? -  Ekspert izah edir
  11 Mart 2021    Oxunub:8013
"Əmlak və torpaq vergisilə bağlı təzadlı fikirlər fərqli regionlarda fərqli mənzərələr yaradır. Əslində bu məsələ qanunvericilikdə aydın şəkildə təsbit edilib və heç bir qaranlıq məqam yoxdur. Yeganə fərq əmlakın və torpağın yerləşdiyi coğrafiyadan asılı olaraq vergiyə cəlb edilmə məbləğləri arasındakı fərqdir. Başqa sözlə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə ödənilməli olan məbləğ fərqlənir”.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu məqsədlə respublika ərazisi 4 kateqoriyaya bölünüb:

“Birinci kateqoriyada olan Bakı üçün bu məbləğ 0,4 manat, ikinci kateqoriyada olan Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üçün bu, 0,3 manat, üçüncü kateqoriyada olan digər şəhərlər və rayon mərkəzləri üçün 0,2 manat, 4-cü kateqoriyada olan digər qəsəbələr və kəndlər üçün isə 0,1 manatdır. Bundan əlavə olaraq daha bir məqamı qeyd edim ki, yaşayış binası Bakı şəhəri ərazisində yerləşdikdə, qeyd edilən dərəcəyə aidiyyatı icra hakimiyyəti orqanı müəyyən əmsallar tətbiq edə bilər. Amma bir şərtlə ki, bu əmsalın sərhədləri 0,7-dən aşağı və 1,5-dən yuxarı olmamalıdır. Daha vacib bir məsələni vurğulayım ki, respublikanın hansı koordinatlarında yerləşməsindən asılı olmayaraq, yaşayış sahələrinə aid olan ilk 30 kvadrat metr sahə bu vergidən azaddır. Məsələn, Sumqayıt şəhərində 100 kvadrat metrlik yaşayış sahəsinə malik əmlakdan onun 30 kvadrat metri çıxıldıqdan sonra yerdə qalan 70 kv.m. üçün 0.3 manatdan olmaqla 21 manat vergi öhdəliyi yaranır”.



İqtisadçının sözlərinə görə, bütün bunlar qanunvericilikdə qeyd edilsə də, prosesin özünün icrası zamanı problemlər yaşanmaqdadır:

“Çünki, əgər əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin mülkiyyətə əmlak vergisi tətbiq edilməməlidir. Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün şamil olunur. Yəni, əgər evin "kupça”sı yoxdursa, onun üçün əmlak vergisi nəzərdə tutulmayıb. Təəssüf ki, məsələnin bu tərəfi yerlərdə nəzərə alınmır”.

Ekspert əlavə edib ki, əksər bələdiyyələr tərəfindən vətəndaşın qapısı döyülərək, əmlak vergisi tələb olunur:

"Ən qəribəsi odur ki, vətəndaşın özünə sual verib, evinin sahəsini soruşurlar. Bəzisi sahəni aşağı deyir, bəzisi mübahisə edib ödənişdən imtina edir, bəzisi isə qeyri-real vergi məbləği ilə razılaşır. Amma əslində vətəndaşa buna görə öncədən bildirişlər təqdim edilməlidir. Bu bildirişlərdə cari il üzrə borc, köhnə borc, ümumi ödənilməli məbləğ kimi bütün detallar aydın göstərilməlidir. Belə bildirişlər həyət evlərinin üstünlük təşkil etdiyi əksər ərazilərdə vətəndaşa təqdim edilmir. Bunun da bir çox səbəbləri var. Ən başlıca səbəb isə həmin ərazilərdə sənədsiz evlərin çoxluğudur.

Hazırda Abşeronda 500 mindən çox sənədsiz ev var. Bu problem təkcə vergi sahəsində deyil, eyni zamanda daşınmaz əmlakın sığortalanması sahəsində də ortaya ciddi problemlər çıxarır. Buna görə də qısa vaxtda bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac vardır. Düzdür, 2015-ci ildə bu problemin həllinə dair fərman imzalandı. Ötən il isə cənab Prezident İlham Əliyev müvafiq qurumlara yenidən tapşırıqlar verdi. Bu dəfə də virus epidemiyası və ardından müharibə mövzunu gündəmdən çıxardı. Lakin problem təcili həll tələb edən problemlər katiqoriyasındandır. Təsəvvvür edin ki, hər evdə 4-5 ailə üzvünün yaşadığını və 500 min sənədsiz evin olduğunu nəzərə alsaq, aydın olur ki, Azərbaycanda 2,5 milyona yaxın insanın yaşadığı evdə qeydiyyat olmaması bir yana, ömrünü keçirdiyi bu ünvanın hüquqi təsdiqi yoxdur. Buna görə də ümid edirəm ki, aidiyyatı qurumlar bu problemin həlli üçün daha ciddi addımlar atacaqlar”.

E. Əmirov mülkiyyəti təsdiq edən sənədin olmadığı hallarda sənədsiz həyətyanı sahələrin vergiyə cəlb olunması barədə də danışıb.

"Sənədsiz həyətyanı sahələrin vergiyə cəlb edilməsi yaşayış sahələri olan əmlakın vergiyə cəlb edilməsindən bilavasitə fərqlidir. Mövcud qanunvericiliyə görə, fiziki şəxslərin respublika ərazisində olan mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Başqa sözlə, bir şəxsin torpağının mülkiyyəti təsdiq edən sənədi olmasa belə, əgər həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir. Torpaqla bağlı olan vergi dərəcələri isə Vergi Məcəlləsinin 206-cı maddəsində aydın şəkildə təsbit edilib”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: vergi  





Xəbər lenti