Hərbçilərin sığorta ödənişləri ilə bağlı rəqəmlər açıqlanıb

   Hərbçilərin sığorta ödənişləri ilə bağlı rəqəmlər açıqlanıb
  18 Mart 2021    Oxunub:2116
Azərbaycan Mərkəzi Bankı və Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi davam edir.
ASA-dan Azvision.az -a verilən məlumata görə, 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən və rəşadətli Ordumuzun Qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbçilərimizə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir. Bu günə olan məlumata görə, Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbçilərimizə aid olan ümumilikdə 3 milyon 404 min 851 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib. Bu istiqamətdə 130 min manat həcmində ipoteka kreditinin ödənilməsi isə nəzərdə tutulur.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi prosesi də davam etməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bu günədək 44 milyon manatdan çox sığorta məbləği ödənilib.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən, həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat, I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6600 manat, III dərəcəli əlilliyə görə 4400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2750 manat məbləğində sığorta ödənişi nəzərdə tutulub. Mərkəzi Bankın və assosiasiyanın nəzarəti ilə proses hazırda davam etməkdədir.

Azvision.az


Teqlər: Hərbçi   Sığorta   Ödəniş  





Xəbər lenti