89 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

89 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
  09 Aprel 2021    Oxunub:2762
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər nəticəsində ardıcıl olaraq müsbət nəticələr əldə olunmaqdadır. Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublikamızın bütün bölgələri üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 9 aprel 2021-ci il tarixindən 7 pomidor istehsalı müəssisəsindən də pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 89 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 243688 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 135.4 %-ni təşkil edir.

Azvision.az


Teqlər: AQTA   Pomidor   Rusiya   İxrac  





Xəbər lenti