“Sərt karantinin tətbiq olunmaması məqsədəuyğundur” - Deputat

“Sərt karantinin tətbiq olunmaması məqsədəuyğundur” -  Deputat
  13 Aprel 2021    Oxunub:3755
Pandemiyanın təsirlərinə rəğmən, bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. Bu, bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, ilkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb.

"Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faizlə Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb.

Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir".

Onun sözlərinə görə, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. V.Bayramov onu da qeyd edib ki, kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq, birinci rübdə emaledici məhsulların xaricə satışı artıb.

"Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb. Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur".

Azvision.az


Teqlər: Pandemiya   Qeyri-neft   Sektor   İxrac  





Xəbər lenti