Belarusdan Qarabağın bərpası ilə bağlı təklif

   Belarusdan Qarabağın bərpası ilə bağlı təklif
  13 Aprel 2021    Oxunub:2327
Aprelin 13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçlə görüşüb.
Komitədən Azvision.az -a bildirilib ki, A.Quliyev ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, eyni zamanda, şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib.

Daha sonra komitə sədri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan təcavüzkarlarına qarşı aparılmış uğurlu antiterror və sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması məqsədilə görülən işlər, komitənin ümumi fəaliyyəti və şəhərsalma sahəsində aparılan islahatlar barədə belaruslu həmkarını məlumatlandırıb.

R.Parxamoviç ölkəmizlə qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənən ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Belarus Respublikasının Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verən nazir Azərbaycana Qarabağ regionunda aparılacaq tikinti-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi arasında şəhərsalmanın planlaşdırılması, habelə layihələndirmə və tikintidə müasir informasiya texnologiyalarının tətbiqi sahələrində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.

Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti