İkisistemli smartfon- bu da mümkündür

İkisistemli smartfon- bu da mümkündür
  05 Mart 2014    Oxunub:1513
Dünyada ilk ikisistemli smartfon istehsal ediləcək.
Hindistanın “Karbonn” şirkəti eyni anda “Android” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən dünyanın ilk mobil qurğusunu buraxmaq niyyətindədir. Şirkət “Microsoft” korporasiyası ilə saziş imzalayıb və artıq iyunda satışlara başlamağa hazırdır. Bu barədə “Karbonn”un prezidenti Sudxir Xasija məlumat verib.

Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət barədə hələ ki məlumat verilmir. AzVision.az “Vesti.ru”- ya istinadən xəbər verir ki, bununla belə, şirkət nümayəndələri qeyd ediblər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. S.Xasija vurğulayıb ki, aparat korporativ istehsalçılar və texnika ilə maraqlanan şəxslərin xoşuna gələcək.

“Karbonn”un qeyri-adi smartfonlarının Hindistandan kənar bazarlara çıxarılacağı barədə məlumat hələlik yoxdur. Qeyd edək ki, hazırda “Windows 8” və “Android” sistemlərini özündə birləşdirən bir neçə hibrid planşet kompüter istehsal edilib. Bununla yanaşı, “Windows Phone” və “Android” ilə işləyən hibrid smartfon hələ ki buraxılmayıb.

Xatırladaq ki, bu yaxınlarda "Microsoft” inkişaf etməkdə olan ölkələrin şirkətləri arasında “Windows Phone” tərəfdaşlarının sayını artırıb. Əməkdaşlıq sayəsində korporasiya “Windows Phone”nun Çin, Hindistan və böyük artım potensialına malik digər ölkələrin bazarlarında populyarlığını artırmaq niyyətindədir.


Teqlər:





Xəbər lenti