Amerikalı konqresmenlər Gürcüstanı hədəfə aldı

Amma Gürcüstanın hakim “Gürcü arzusu” partiyası gürcü dilində “dost” mənasını verən MEGOBARI aktının dostluğa heç bir aidiyyəti olmadığını vurğulayıb.
Belə ki, sənəddə demokratiyadan geri çəkilməyə və Çin, Rusiya və İranla yaxınlaşmaya görə Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Lakin Tbilisi anti-Qərb ritorikasından əl çəksə və xarici siyasət kursuna düzəliş etsə, ABŞ iqtisadi əməkdaşlığı genişləndirəcək və Gürcüstan böyük təhlükəsizlik dəstəyi paketi alacaq.
Qanun ABŞ Dövlət departamentindən kəşfiyyat orqanları və Pentaqon ilə razılaşma əsasında qanunun qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq Konqresə Rusiya kəşfiyyatının Gürcüstana nüfuzunun miqyası, habelə Çinin regiondakı fəaliyyəti və burada Moskva ilə Pekin arasında mümkün əməkdaşlığa dair məxfi hesabat təqdim etmək tələbini qoyur.
Dövlət katibi digər dövlət qurumları ilə əlaqəli şəkildə 90 gün ərzində ABŞ-Gürcüstan ikitərəfli münasibətləri üçün beşillik strategiyanı Konqresə təqdim etməlidir.
Qanuna görə, Vaşinqton Avro-Atlantik inteqrasiyanı əngəlləmək, Gürcüstanın suverenliyinə və təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyan korrupsiya, zorakılıq və hədə-qorxu ilə məşğul olan şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.
Sanksiya siyahısına namizədlər arasında 2014-cü ildən başlayaraq indiki və keçmiş deputatlar və partiya xadimləri, dövlət rəsmiləri, o cümlədən təhlükəsizlik məmurları, hakimlər və yerli məmurlar, habelə sadalanan şəxslərin ailə üzvləri var. Bu şəxslərin müəyyənləşdirilməsi və onlara qarşı sanksiyaların tətbiqi məsuliyyəti ABŞ prezidentinin üzərinə düşür.
MEGOBARI Aktı də Senatda səsə qoyulmalı və Donald Tramp tərəfindən imzalanmalıdır. Lakin onun təsdiq olunacağı şübhə doğurmur. Nümayəndələr Palatasında qanunun qəbulu üçün 218 səs tələb olunduğu halda, ona 347 konqresmen səs verib. Martın 27-də isə qanun artıq Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənib.
Gürcüstanın hakim partiyasının nümayəndələri isə Donald Trampı “dərin dövlət”in intriqalarına uyaraq Gürcüstanla bağlı düşünülməmiş addımlar atmaqda günahlandırıb.
“Ölkənin nə qədər böyük olmasına baxmayaraq, heç kimə, məsələn, Ukrayna məsələsində olduğu kimi, maraqlarımızı tapdalamaq və onlardan istifadə etmək imkanı verməyəcəyik”, - Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az