“Alimlərimizin ixtiralarının real sektorda tətbiqi iqtisadiyyata müsbət töhfələr verə bilər” - İqtisadçı

   “Alimlərimizin ixtiralarının real sektorda tətbiqi iqtisadiyyata müsbət töhfələr verə bilər” -    İqtisadçı
  04 May 2021    Oxunub:3106
Ölkəmizdə digər sahələrlə müqayisədə elmə ayrılan vəsaitlərin azlığı, innovasiya məhsulunun xüsusi çəkisinin aşağı olması, elmi nailiyyətlərin istehsalata zəif tətbiqi və s. innovasiya yönümlü iqtisadiyyatın inkişafına mane olur.
Mövzu ilə bağlı Azvision.az -a danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu istiqamətdə ən böyük problem alimlərimizin patentləşdirilmiş ixtiralarının istehsalata tətbiqi sahəsində mövcud olan problemlərdir.

Ekspertin fikrincə, Azərbaycanda kifayət qədər elm mərkəzləri, elmi tətqiqat institutları var ki, orada çalışan dəyərli alimlərimizin ixtiraları dünyanın aparıcı patent təşkilatları tərəfindən təsdiqlənsə də real istehsalata cəlb edilmir, kağız üzərində qalır:

"Baxın, o ölkələrdə elm sürətlə inkişaf edir ki, orada ixtiraları və müxtəlif elmi yenilikləri nəzəriyyədən qoparıb iqtisadiyyatda praktik tətbiq edirlər. Çünki, real sektorda tətbiq edilən elmi nailiyyət, digər elmi sahələr üçün motivasiya yaradan simulyatordur. Əgər nəzəri olaraq təqsiqlənmiş bir ixtira, real sektorda, iqtisadi həyatda, istehsalatda fayda verə bilmirsə, kağız üzərində qalırsa, alimlərimizin illərlə çəkdikləri zəhmət hədər gedir. Ən pisi də odur ki, bu reallıq özündən sonra gələnlər üçün bir ruh düşkünlüyü yaradır. Ona gorə də elmi nailiyyətin təsdiqi və eləcə də ixtiraların patentləşdirilməsi tarixi ilə bu ixtiranın istehsalatda praktik istifadəsi arasındakı zaman minimum olmalıdır. Bu vaxtın illərlə uzanması elmi motivasiya ruhunu ciddi agırlaşdırır. Bu zaman minimum olarsa, elm motovasiya alır və çiçəklənir. Nəticədə udan tərəf təkcə elm olmur, daha çox iqtisadiyyatımız udmuş olur. Birmənalı söyləmək olar ki, elm və sənaye arasında olan çevik əlaqələrdən daha çox qazanan tərəf iqtisadiyyatımız olur. Sizə adi bir fakt deyim. Çini dünya nəhənginə çevirən əsas səbəb məhz təsdiqlənən istənilən bir elmi nəzəriyyənin növbəti gün istehsalatda tətbiqinə start verilməsidir.

Orada bu prosesə mane olan bütün obyektiv və subyektiv səbəblər aradan qaldırılmışdı. Eyni zaman da bunu həyata keçirmək üçün bütün texniki imkanlar və texnoloji şərait vardır. Ölkə boyu sayı-hesabı bilinməyən azad iqtisadi zonalar, texnoparklar yaradılmışdır. Günün səhər saatlarında təsdiqlənmiş bir ixtira gün sona yetmədən istehalatda tətbiqə yönləndirilir. Bunun da nətəcəsi olaraq Çini artıq dünyanın texnoloji nəhəngi, iqtisadi gücü olaraq görürük".

E.Əmirov bildirib ki, ölkəmizdə da son illər bu istiqamətdə irəliləyişlər müşahidə edilir:

"Belə ki, yeni texnoparkların yaradılması, oradakı imkanlar daxilində texnoloji yanaşmalar əsasında müəyyən canlanmalar vardır. Lakin daha böyük naliyyətlərə imza atmaq üçün innovasiya sahəsində kiçik, orta və iri təsərrüfat subyektlərinin qarşılıqlı faəliyyəti dəstəklənməlidir. Texnoparklarla paralel nanotexnoloji mərkəzlərin, biznes-unkubatorlarına nail olmaq mütləqdir. Çünki müasir dövrdə elm və elmtutumlu sahələrin inkişafı bunu tələb edir. Əgər innovativ iqtisadi sistemi respublikamızın inkişafında prioritetlərdən biri olaraq düşünürüksə, o zaman elmin çəkisini artırmalıyıq. Ölkəmizdə ÜDM-in, yerli və dünya bazarında yüksək texnoloji məhsulun rəqabət qabiliyyətliyinin və eləcə də istehsal səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahələrin artırılmasını tələb edir. Bu isə öz növbəsində yenə də elmi ixtiraların sənayeyə tətbiqinin sürətləndirilməsini zəruri edir".

İqtisadçı ekspert qeyd edib ki, dünya təcrübəsində sənaye müəssisələri elmi mərkəzlərə sifarışlər verirlər. Bu isə yeni texnologiyalarının yaranmasına şərait yaradır:

"Odur ki, Azərbaycanda da elmi nəticələrin istehsal imkanlarını realizə etmək üçün elm və sənayenı əhatələyən dəyər zənciri yaradılmalıdır. Əvvəlcə buna imkan verən infrastruktur, o cümlədən texnomərkəzlər daha geniş profilli yaradılmalı, daha sonra ixtiraların real istehsalata tətbiqi üçün sənaye və elm arasında çevik əlaqələr sistemi qurulmalıdır. Əlqərəz, alimlərimizin ixtiralarının real sektorda tətbiqinə nail ola bilsək, bu həm elmin inkişafına dəstək olar, həm iqtisadiyyatımız üçün müsbət töhfələr verər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti