Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmi açıqlanıb

Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmi açıqlanıb
  17 May 2021    Oxunub:2085
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, 4 ayda ölkəmizdən İtaliyaya dəyəri 150,7 milyon ABŞ dolları olmaqla 733,8 milyon kubmetr, Yunanıstana 32,7 milyon dollarlıq 127,8 milyon kubmetr, Bolqarıstana isə 12,1 milyon dollarlıq 91,9 min kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 708,3 milyon dollarlıq 5 milyard 145,9 milyon kubmetr, Gürcüstana 227,4 milyon dollarlıq 1 milyard 737,9 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, ilin ilk 4 ayında ölkədən ümumilikdə 7 milyard 837,5 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 131,4 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti