Dəmir yolu Qəbələyə nə qazandıra bilər? - Ekspert rəyi

Dəmir yolu Qəbələyə nə qazandıra bilər? -  Ekspert rəyi
  19 May 2021    Oxunub:1781
Qəbələ dəmiryol stansiyasının ətraf əraziləri 5 il sonra ya sadəcə rentabelsiz əraziyə, ya da kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər. Hər şey özümüzdən asılıdır.
Bunu Azvision.az -a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“Həmişə səsləndiririk ki, kənd təsərrüfatı məhsullarını birbaşa tarladan satışa çıxarmaqla (ixracla) “Böyük Kənd Təsərrüfatı dastanı” yazmaq mümkün deyil. Mütləq kənd təsərrüfatı məhsulları müxtəlif emal proseslərindən keçərək yeni sənaye məhsulu kimi xaricə ixrac edilməlidir. Bu, qida sənaye məhsulları da ola bilər, digər yüngül sənaye məhsulları da. Buna görə də rayonlarımızda mütləq emal sənaye müəssisələri yaradılmalıdır”, - ekspert vurğulayıb.

O deyib ki, bir neçə gün əvvəl Qəbələ dəmiryol stansiyasının açılması emal sənaye sahələrinin bölgələrdə yaradılması üçün çox ciddi təkan ola bilər.

“Qəbələ respublikanın ən öndə olan rayonlarından biridir. Rekreasiya və turizm imkanları orada, meyvəçilik orada, bitkiçilik orada və s. Ətraf rayonların da kifayət qədər potensialı var. Ləkidən ora çəkilmiş təxminən 40 km-lik dəmir yolu xətti imkan verir ki, bu stansiyanın yaxın coğrafiyasında böyük emal müəssisələri şəhərciyi salınsın. Bu stansiya həm orada yaradılmalı müəssisələrin xammal təminatı, emal edilmiş hazır məhsulların ixracı üçün böyük logistik imkanlar yaradır. Nə olursa olsun, hökümət o stansiyanın ətraf ərazilərindən, yaxın 5 km radiusundan (imkan varsa daha geniş) torpaqların hansısa formada bundan sonra özəlləşdirilməsinə və ya satılmasına imkan verməməlidir. O ərazilər sahibkarlara dəqiqləşdirilmiş şərtlər (eyni zamanda çox ciddi vergi və digər güzəştlər) daxilində emal sənayesi müəssisələrin yaradılması məqsədilə uzun müddətli icarəyə verilməlidir. Təsəvvür edin, Dünya Bankının hazırladığı yeni tədqiqatda deyilir ki, Azərbaycanda aqrar sektorda işçi qüvvəsinin 36 faizi cəmləşib, amma bu sektor ÜDM-nin cəmi 7 faizini istehsal edir. Niyə? Səbəb çox sadədir. Vurğuladığım kimi, kənd təsərrüfatı məhsullarımızın pul ifadəsində yüksək dəyər ifadə edə bilməməsidir. Mütləq müasir tələblərə uyğun emal sənaye müəssisələri yaradılmalıdır”.

Ekspert xatırladıb ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət həyata keçirib.

“144 ölkə ilə məhsul idxal etsək də, 89 ölkəyə ixracımız olub. 89 ölkə az deyil. Demək ki, az olan say yox, dəyərdir. İxrac edilən dəyəri artırmaq üçün məhsul xammal kimi, primitiv əmtəə kimi deyil, birbaşa istehlaka yararlı emal sənayesinin son məhsulu olaraq ixrac edilməlidir. Amma kənd təsərrüfatında əksəriyyət təşkil edən ailə təsərrüfatları rəqabətə davamlı emal məhsulu yaratmaq gücündə deyil. Buna görə regionlar üzrə prioritet sahə emal sahəsi olmalıdır. Yalnız bu yolla regionlarda dirçəlişə nail olmaq, paytaxtla regionlar arasındakı ifrat bərabərsizliyi azaltmaq mümkündür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EldənizƏmirov  





Xəbər lenti