Toyların bərpası “yastıqaltı” pulları dövriyyəyə qaytaracaq - EKSPERT

 Toyların bərpası “yastıqaltı” pulları dövriyyəyə qaytaracaq -  EKSPERT
  25 May 2021    Oxunub:3724
Bu həftə keçirilməsi nəzərdə tutulan brifinqdən (Operativ Qərargah-red) insanların gözləntiləri çoxdur. Bunlardan biri də toylara icazələrin verilməsilə bağlıdır. Bu qərar həm cəmiyyət, həm də iqtisadiyyat üçün son dərəcə əhəmiyətli olacaq.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, bu qərardan dərhal sonra iqtisadi aktivlik artacaq. Həm də aktivlik kifayət qədər sürətlə və böyük tendensiya ilə müşahidə ediləcək.

Məhərrəmlikdə toy etmək olarmı? - AÇIQLAMA
“Onsuz da insanlar bu məqsədlə pul yığıblar və həmin pullar dövriyyədən çıxarılaraq “yastıqaltı” pullara çevrilib. Toy və digər bu qəbildən olan mərasimlərə icazə veriləcəyi halda böyük pul kütləsi iqtisadiyyatımıza daxil olacaq. Bu da aktiv dövriyyə həcmlərinin artmasına səbəb olacaq. Dövriyyə həcmi artdıqda isə bununla bağlı digər sahələrdə də geniş fəallıq yaranacaq. Bəs konkret olaraq hansı sahələrə və hansı təsirləri olacaq deyə, düşünsək, görərik ki, toylara icazə veriləcəyi təqdirdə müsbət təsiri ilk növbədə işsizliyin azalmasına olacaq. Hazırda şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma on minlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Bu isə on minlələr ailə deməkdir. On minlərlə ailə yüz minlərlə vətəndaş deməkdir.

Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq. Amma müsbət təsirlər bununla bitmir. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq saraylarını, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Belə demək mümkündürsə, musiqi sahəsində çalışanların da üzü güləcək. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda, paltar kirayələnməsində də bunu müşahidə edəcəyik. Əhalinin demoqrafik artımında müsbət tendensiya müşahidə olunacaq. Bu, həm toylara icazə verilməsinin nəticəsində mümkün olacaq, həm də epidemioloji vəziyyətə görə valideyn olmağı planlamayanlar var idi ki, onlar da uşaq planlamaları haqda düşünəcəklər”, - deyə ekspert vurğulayıb.



O, əlavə edib ki, psixoloji rahatlıqdan dolayı demoqrafik aktivlik özünü göstərəcək.

“Göründüyü kimi, bir toya icazə verməklə, çox istiqamətdə canlanma yaranacaq. Bu isə vergi yığımının artmasına səbəb olacaq. Bu da dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək. Vergi tutulmalarının artırılması təbii olaraq dövlət büdcəsinin formalaşmasında, həçminin artmasında böyük rol oynayır. Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Toy   Ekspert  





Xəbər lenti