23 marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

 23 marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
  26 May 2021    Oxunub:2382
"Formula 1" Azərbaycan Qran-Prisi ilə əlaqədar trekin keçdiyi yollarda nəzərdə tutulan nəqliyyat əməliyyatlarına dair Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) birgə məlumat yayıb.
Azvision.az xəbər verir ki, məlumatda deyilir:

4-6 iyun 2021-ci il tarixlərində paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Əhalinin ictimai nəqliyyata əlçatanlığının və müntəzəm sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib.

Vahid fəaliyyət planına əsasən, Formula 1 yarışının keçirilməsi ilə əlaqədar olaraq trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yarış hazırlığı çərçivəsində əvvəlcədən trekdə planlaşdırılan kiçik miqyaslı işlər trek üzrə hərəkət tam məhdudlaşdırıldıqdan sonra həyata keçiriləcək.

Yarış həftəsinin bütün günlərində trekin keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə nəzarət BŞDYPİ tərəfindən həyata keçiriləcək.

Eləcə də yaşayış ünvanı yol hərəkətinin müvəqqəti məhdudlaşdırıldığı ərazilərdə yerləşən şəhər sakinlərinə https://www.bakucitycircuit.com/az/faq səhifəsində əks olunan qaydalara uyğun olaraq yaşayış məntəqələrinə avtomobillə daxil olmaları üçün keçid vərəqləri təqdim olunur.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 23 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (https://azvision.az/redirect.php?url=http://www.bna.az/az/news/1318) Digər dəyişikləri isə BŞH-nin internet səhifəsindən www.bakucitycircuit.com əldə edə bilərsiniz.

Nəqliyyat vasitələri ilə yanaşı piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı keçidlərdən və həmçinin trekin müəyyən yerlərində quraşdırılan yerüstü keçidlərdən istifadə edə biləcəklər. Bu yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, Xaqani ilə Rəşid Behbudov küçələrinin və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşir.

Bundan başqa, bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənar bulvar ərazisi bağlı olmayacaq və şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edirik. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi, daha çox ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik. Bu, yollarda hərəkətin maneəsiz təşkili eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

31 may səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması da əhalinin ictimai nəqliyyat imkanlarının artırılması baxımından olduqca əhəmiyyətlidir.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik.









Azvision.az


Teqlər: Bakubus  





Xəbər lenti