Turizmi nə gözləyir, əvvəlki vəziyyətə qayıda biləcəyikmi? - MÜSAHİBƏ

Turizmi nə gözləyir,  əvvəlki vəziyyətə qayıda biləcəyikmi? -  MÜSAHİBƏ
  15 İyun 2021    Oxunub:5306
İki ilə yaxındır ki, dünyada COVID-19 pandemiyası və onun yaratdığı fəsadlara qarşı mübarizə aparılır. Pandemiyanın bir çox sahələrə, xüsusilə də iqtisadiyyata çox ciddi mənfi təsirləri oldu. Bu dövrdə ən çox ziyan dəyən sahələrdən biri turizm sektorudur.
Son vaxtlar koronavirus əleyhinə peyvəndlərin tətbiqi və aparılan tədbirlər nəticəsində yoluxma hallarının sayı xeyli azalıb. Bu amil turizm sektorunda canlanmanın yaranacağına ümidləri artırır.

Turizm sektoru postpandemiya dövrünə hazırdırmı? Gözləntilər nədən ibarətdir?

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azvision.az-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

- Bir ildən çoxdur pandemiya ilə mübarizə aparırıq. Bu dövrdə bir çox sahələr kimi turizmə də ziyan dəydi. Artıq yay mövsümüdür. Turizmi canlandırmaq üçün hansı addımlar atılacaq? Xarici turistlərin yenidən ölkəyə gəlişini təmin etmək üçün qaydalarda dəyişiklik edilməsi üçün təkliflər hazırlana bilərmi? Və ya müraciət etmisiniz bununla bağlı?

- Təəssüflə qeyd etməliyik ki, turizm dünya iqtisadiyyatının pandemiyadan ən çox zərər çəkən sahəsi oldu. Sərhədlər tamamilə bağlandı, aviauçuşlar, ölkələrarası gediş-gəliş dayandırıldı və bütün bunlar turizm sənayesinin fəaliyyətinə ciddi təsir göstərdi. Dövlət Turizm Agentliyi olaraq hazırda turizm fəaliyyətlərini bərpa etmək üçün 3 istiqamətdə çalışırıq.

Təhlükəsiz beynəlxalq səfərlərin bərpa olunması

- Bu mənada əsas istiqamətlərdən biri təhlükəsiz beynəlxalq səfərlərin bərpa olunmasına nail olmaqdır. Artıq Rusiya və Türkiyə vətəndaşlarına münasibətdə COVID pasportu və 72 saat neqativ PCR test nəticəsi əsasında turist səfərlərinə icazə verilir və sözügedən ölkələrin vətəndaşları qeyd etdiyim sənədləri təqdim etdikləri halda karantin təcridinə məruz qalmırlar. Göründüyü kimi artıq mexanizm yaradılıb. Sözügedən mexanizm əsasında vaksinasiya prosesinin yüksək səviyyədə olduğu ölkələrlə sərhədlərin ikitərəfli əsaslarla açılması müzakirə edilir. Bu məsələdə əsas yanaşma hazırda ölkədə nəzarətdə olan epidemioloji stabil vəziyyətə təhlükə yaranmamasına nail olmaqdır.

İkinci istiqamət həm xarici, həm daxili turizmi canlandırmaq üçün marketinq və məlumatlandırma kampaniyasının davam etdirilməsidir.

Aydındır ki, post pandemiya dövründə beynəlxalq turizmdə rəqabət artacaq. Həm pandemiya, həm də postpandemiya dövrü üçün turistlərin diqqət yetirəcəyi amil gigiyena və sanitariya məsələsi olacaq. Bu istiqamət üzrə əsas məqsədimiz ölkə daxilində təhlükəsizliyə nail olmaqla yanaşı, beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır. Turizm ölkəsi kimi rəqabət qabiliyyətliliyimizi artırmaq üçün yeni şərtlərin doğurduğu şəraitə uyğun davranmalıyıq.

Pandemiya dövründə xarici hədəf bazarlarda marketinq və təbliğat kampaniyaları onlayn platformalar üzərindən daimi olaraq davam etdirilib. Səfərlərin bərpası ilə ənənəvi təbliğat və marketinq tədbirlərində iştirak etmək, eyni zamanda bu kimi tədbirləri Azərbaycanda təşkil etmək planlaşdırılır.

2021-ci ildə ölkə daxilində turizm məqsədi ilə səfər edən yerli vətəndaşların sayında təxminən 50% artım olacağı proqnozlaşdırılır

Bununla yanaşı, daxili turizm üzrə də məlumatlandırma və maarifləndirmə kampaniyası aparılır. Bundan sonra daxili turizm bu sektorun dayanıqlı inkişafı istiqamətində aparılan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olacaq.

Bildiyiniz kimi, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosunun keçən ilin martında başlatdığı “Macəra yaxındadır” kampaniyası davam etdirilir. Kampaniyanın əsas vəzifəsi daxili turizm potensialının tanıdılmasına və vətəndaşların daxili turizm imkanlarından faydalanmasına hədəflənib. Bu yay mövsümü üçün də kampaniya davam etdiriləcək. Qeyd edək ki, ölkə ərazisində regionlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi haqqında qərar 2021-ci ildə, xüsusi ilə də yay turizm mövsümündə daxili turizm potensialından səmərəli istifadə üçün əlverişli imkanlar yaradır. Epidemioloji vəziyyət pisləşmədiyi təqdirdə 2021-ci ildə ölkə daxilində turizm məqsədi ilə səfər edən yerli vətəndaşların sayında təxminən 50% artım olacağı proqnozlaşdırılır.

Məlumdur ki, pandemiya müddətində cənab Prezidentin vətəndaşların sağlamlığını və iqtisadiyyatın dayanıqlılığını qorumaq üçün nümayiş etdirdiyi əzmkarlıq və qətiyyət nəticəsində ölkəmiz virusla mübarizədə bir sıra dünya ölkələrinə nümunə olacaq duruş sərgilədi.

Buna müvafiq olaraq 3-cü əsas fəaliyyət istiqaməti kimi qeyd edə bilərik ki, hazırda bizim də əsas vəzifəmiz turizm sahəsində digər dövlət strukturları ilə birgə epidemioloji təhlükəsizliyin təmin edilməsi üçün qaydalara əməl olunmasına nəzarəti təmin etməkdir. Bu məqsədlə hotellərdə pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə riayət olunması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə monitorinqlər keçiririk.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, monitorinqlərin başlıca məqsədi hotelçilik sənayesini pandemiyanın mənfi təsirlərindən qorumaqdır. Monitorinqlər məhz hotellərdə qalan qonaqlar arasında yoluxmaların sayının minimuma endirilməsi, bununla da hotellərin fəaliyyətdə qalması və biznes mühitinin qorunması üçün aparılır.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərən 300-dən çox hoteldə 2020-ci ilin avqustun 24-dən 2021-ci il 31 may tarixinədək 17 325 monitorinq keçirilib və keçirilməkdədir.
Bundan əlavə, Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydalarında nəzərdə tutulmuş tələblərin icrası məqsədilə “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı) proqramına uyğun olaraq turizm sənayesinin nümayəndələri üçün məlumatlandırıcı və xəbərdaredici nəşrlər hazırlanıb və paylanılıb.



Daxili turist səfərlərinin sayı ötən illə müqayisədə 21% daha çox olub

- Ümumiyyətlə, hazırda turizm sahəsində vəziyyət necədir? Havaların isinməsi ilə insanlar gəzməli-görməli yerlərə səfərlərə daha çox üstünlük verməyə başlayıblar. Rayonlara səfərlərin çoxluğunda bu müşahidə edilir? Statistik rəqəmlərlə bunu demək mümkündür? Yerli turistlər hansı rayonlara daha çox səfər edirlər?

- Məlumdur ki, daxili turizm də pandemiyadan xeyli zərər gördü. Əvvəlki illərdə müqayisə etsək, pandemiya səbəbindən ötən il 3 milyona yaxın daxili turizm səfərinin təxirə salındığını deyə bilərik.
Sevindiricidir ki, bu ilin yanvarın sonundan başlayaraq turizm sahəsində canlanma müşahidə olunur. Təkcə cari ilin mart ayında daxili turist səfərlərinin sayı ötən illə müqayisədə 21% daha çox olub.

Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə də artdı. Hazırda daxili turizmdə xidmət sahələri müəyyən məhdudiyyətlərlə də olsa, fəaliyyət göstərir. Hotellər qonaqlar qəbul edir, turizm agentlikləri fəaliyyətdədirlər. Daxili turizmin intensivləşməsi ilə xüsusilə, regionlarda yerləşən hotellərin doluluq dərəcəsində artım müşahidə olundu. Bu baxımdan paytaxt hotelləri müəyyən çətinliklər yaşayır. Belə ki, ilk 3 ayın nəticələrindən aydın oldu ki, region hotellərində gecələmə sayı ötən illə müqayisədə 18% azaldığı halda paytaxtda müvafiq azalma 84% olub. Bununla belə statistik göstəricilərin aylıq təhlili göstərir ki, tendensiya artıq müsbətə doğru dəyişib. Belə ki, ötən ilin mart ayında Bakı şəhərində yerləşən hotellərdə cəmi 40 min gecələmə olduğu halda 2021-ci ilin martında 38.6% çox, yaxud 55.4 min gecələmə qeydə alınıb.

Daxili turizm hazırda ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanıb. Bakı-Şimal, Bakı-Şimal-qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə, bayram və istirahət günlərində bu bölgələr üzrə daxili turistik səfərlərin artdığı müşahidə olunur.

Bir məqam da qeyd olunmalıdır ki, yerli turistlər ümumilikdə digər turizm xidmətlərindən daha az istifadə edirlər. Məsələn, daxili turistlərin muzeyləri ziyarət və ya turizm obyektlərini səfər etmək dərəcəsi xarici turistlərlə müqayisədə aşağıdır.

2023-cü ildən etibarən turizm tədricən əvvəlki inkişaf tempinə qayıdacaq

- Ölkəmizə turistləri cəlb etmək üçün müxtəlif ölkələrdə təbliğat işləri aparılırdı və bu işin nəticəsində gələn turistlərin sayında da hər il atım müşahidə edilirdi. Sizcə sərhədlər açılandan sonra biz o rəqəmləri yenidən müşahidə edəcəyik?

- Məlumdur ki, adi qaydada həyata keçirilən beynəlxalq aviauçuşlar dayandırıldığından hazırda getmə-gəlmə turizmi böhran vəziyyətindədir. 2020-ci ildə ölkəyə səfər edən xaricilərin sayında 74.9% azalma baş verdi. Nəticədə cəmi turist xərcləmələrində 80.5%, o cümlədən xarici turist xərcləmələrində 85% azalma baş verdi. Beləliklə, turistlərin yerləşdirilməsi və iaşə sahəsində yaradılan əlavə dəyər 58.9%, iaşə dövriyyəsi 2.2 dəfə, hotellərin gəlirləri 74% azaldı. Bu ilin yanvar-may aylarında ölkəyə 215 min xarici vətəndaş gəlib, bu isə ötən illə müqayisədə 62% azalma deməkdir. Bununla belə əgər aylıq müqayisə aparmış olsaq, ölkəyə gələnlərin sayında aprel ayından etibarən artım meylliliyi müşahidə edilir. Belə ki, ötən ilin aprel ayı ilə müqayisədə 2021-ci ildə gəlmə sayı 19.7 min nəfərdən 45.7 min nəfərə çatmışdır ki, bu da 2.3 dəfə artım deməkdir. Ötən ilin may ayında ölkəyə 24.9 min xarici vətəndaş səfər etmişdisə, bu il bu göstərici 2.1 dəfə çox, yaxud 51.6 min olub.

Biz proseslərə optimistik yanaşırıq. Hesab edirik ki, 2023-cü ildən etibarən turizm tədricən əvvəlki inkişaf tempinə qayıdacaq. Xüsusilə, bütün dünyada vaksinasiyanın sürətlənməsi ilə turizmin bərpası prosesi də sürətlənəcək. Beynəlxalq təşkilatların da qiymətləndirmələrinə əsasən pandemiyadan əvvəlki rəqəmlərə yaxınlaşma 2023-cü ildən etibarən mümkün olacaq. Artıq bu il biz 16-19 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində iştirak etdik. Bu, pandemiya dövründə onlayn deyil, real olaraq iştirak etdiyimiz ilk sərgi idi.

Pandemiya dövründə turizm ölkəsi kimi Azərbaycana olan maraq daha da artıb

Sərgi zamanı ərəb bazarının, eləcə də digər hədəf bazarların Azərbaycana olan marağının şahidi olduq. Sevindiricidir ki, pandemiya dövründə turizm ölkəsi kimi Azərbaycana olan maraq daha da artıb. Bir çox müraciətlər məhz sərhədlərin açılması və aviauçuşların bərpa olunmasından sonra ölkəyə gəlmə şərtləri və səfərin təşkili ilə bağlı idi. Təhlükəsiz səfərlərin bərpa olunmasından sonra bu növ marketinq fəaliyyətləri daha da artacaq.

Əlbəttə, xarici bazarlarda marketinq və təbliğat tədbirləri davam etdirilməli və artıq digər amillərlə yanaşı, ölkəmizin virus baxımından təhlükəsiz turizm destinasiyası olması da xüsusi vurğulanmalıdır.
Sərhədlər açıldıqdan sonra xarici turistləri tam gücümüzlə qarşılamağa hazır olmalıyıq.
Bildiyiniz kimi, bu günədək ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın turizmə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə turizm yüksələn xətt üzrə inkişaf edib. 2019-cu ildə Azərbaycana gələn xarici ziyarətçilərin sayı 11.3% artaraq 3.17 milyon nəfərə, onlar tərəfindən xərcləmələr isə 11.6% artaraq 3 milyard manata çatmışdı. İnanırıq ki, 2023-cü ildə biz 2019-cu ilin rəqəmlərini bərpa edə biləcəyik, növbəti illərdə isə daha çox artıma nail olacayıq.

Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işlənilir

- Turistləri cəlb edərkən ölkəmizin hər bir gözəlliyi təbliğ edilirdi. Eyni zamanda Vətən müharibəsində qazanan qələbə ilə Qarabağ zonası da təbliğ olunan bölgələr sırasında olacaq. Fikrinizcə, bu bölgə turistləri nə ilə cəlb edə biləcək?

Bəli, şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik. Yeri gəlmişkən, bir az pncə qeyd etdiyimiz sərginin əsas özəlliyi onda oldu ki, bu sərgidə ilk dəfə işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialını tanıtdıq. Yeni turizm destinasiyası kimi Qarabağın turizm imkanlarını beynəlxalq səviyyədə tanıdılması bizim üçün olduqca qürurverici və sevindirici idi.

İnanırıq ki, pandemiya bitdikdən sonra ölkəmizə gələn xarici turist sayı yenidən yüksələn dinamika ilə artacaq. Həmçinin Azərbaycana üz tutan xarici qonaqlar Qarabağa da mütləq səfər edəcəklər. Ancaq buradakı turistik potensialı səmərəli istifadə etmək, regionu milli və regional səviyyədə tanıdaraq təhlükəsiz turizm destinasiyasına çevirmək üçün uzunmüddətli turizm strategiyasının hazırlanmasına və mərhələli şəkildə icrasına zərurət vardır.

İlkin mərhələ üçün Qarabağda mövcud turizm resursları, turizm potensialı qiymətləndirilməli, məskunlaşma təmin edilməli, müvafiq infrastruktur yaradılmalıdır. Buna əsasən Qarabağ üzrə turizm klasterlərinin yaradılması nəzərdə tutulur. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam, Füzuli-Cəbrayıl, Suqovuşan destinasiyaları üzrə turizm klasterləri formalaşdırmaq potensialı mövcuddur.

“Zəfər marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” kimi turizm marşrutlarının layihələri hazırlanır.

Eyni zamanda Qarabağda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin turizm resursları olduğundan müvafiq tematik turizm məhsullarının hazırlanması istiqamətində işlər gedir. Məsələn, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı qələbəni bizə yaşadan ordumuzun rəşadətli mübarizəsinin, qəhrəmanlığının daha canlı təsəvvürü və daimi olaraq xatırlanması üçün həm daxili, həm xarici turistlərin marağına səbəb olacaq “Zəfər marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” kimi turizm marşrutlarının layihələri hazırlanır. Ağdam, Füzuli istiqamətində hələ ki kütləvi səfərlər üçün nəzərdə tutulmayan, ciddi təhlükəsizlik tədbirlərinə əməl edilməklə turizm marşrutları hazırlanması planlaşdırılır. Marşrutlar üzrə Ermənistan işğalından əvvəl bu torpaqlarda mövcud olan, lakin düşmən təcavüzü nəticəsində dağıdılmış infrastruktur və potensial haqqında məlumatlar əyani olaraq ziyarətçilərə çatdırılacaq.

Eləcə də Qarabağdakı turizm əhəmiyyətli irsin hazırda mövcud olan “İpək Yolu”, “Alban irsi”, ” və s. bu kimi turizm marşrutlarına inteqrasiya etdirilməsi nəzərdə tutulur.

Qarabağın turizm potensialı tanıdılarkən, həmçinin diqqəti illərlə davam edən münaqişədən əziyyət çəkən insan amilinə yönəltmək vacibdir. Daha dəqiq desək, turistlərdə təəssüratlar yaratmaq üçün hadisələr real hadisələr üzərindən şərh edilməli, burada insanların işğaldan əvvəlki xoşbəxt günləri və xatirələri, işğal nəticəsində məhv olmuş arzuları və xəyalları, həmçinin qələbədən sonra gələcəyə dair inamları, xoş günlərlə bağlı yeni arzu və xəyalları, bir sözlə insan emosiyaları ön plana çəkilməlidir.

- Qarabağda nə zamandan turistlərin hərəkətinə icazə veriləcək?

- Əlbəttə, bu proses kompleks yanaşma tələb edir. Mərhələli şəkildə ilkin mərhələdə müəyyənləşdirilmiş təhlükəsiz səfər şərtləri təmin olunduqdan və müəyyən zəruri infrastruktur yaradıldıqdan sonra turist səfərlərinin təşkili məsələsi aktuallaşa bilər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Müsahibə  





Xəbər lenti