Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin real vəziyyəti necədir? - Ekspert şərhi

 Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin real vəziyyəti necədir? -  Ekspert şərhi
  17 İyun 2021    Oxunub:1216
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri əsas siyasi xarakter daşısa belə, bu səfərlər iqtisadi münasibətlərdə yeni cığırlar açır, mövcud cığırları genişləndirir. Türkiyə indiyədək Azərbaycana təxminən 12 milyard dollar investisiya yatırıb, ondan dəfələrlə kiçik (hər mənada) Azərbaycan isə bunun 160%-i qədər, yəni 19 milyard dollar investisiya qoyub.
Bunu Azvision.az -a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu səfərdən sonra investisiya fərqlərinin tədricən aradan qalxacağı gözlənilir.

“Necə? Azərbaycanın yatırdığı investisiya həcmlərinin çox olma səbəbi bu investisiyanın enerji, neft-kimya sənayesi kimi bahalı sahəyə yönəldilməsi olub. Türkiyə daha çox qeyri-neft, qeyri-enerji sahələri üzrə investisiya yatırıb. Hazırda Türkiyənin Azərbaycanda enerji sektoruna investisiya yatıracağı ilə bağlı gözləntilər böyükdür. Amma bu, ənənəvi enerji deyil, yaşıl enerji istiqamətini əhatə edəcək. Bunun üzərinə işğaldan azad edilmiş ərazilərimizə kütləvi cəlb edilmiş türk şirkətlərinin fəaliyyətini də gəlsək, demək, yaxın vaxtlarda investisiya balansında ciddi dəyişikliklər olacaq”, - iqtisadçı əlavə edib.

Onun sözlərinə görə, bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında bağlanmış Preferensial Ticarət Sazişindən sonra hər iki ölkə rəsmilərinin illik ticari dövriyyənin 3 dəfədən çox artırılaraq 15 milyarda çatdırılacağı ilə bağlı açıqlamaları ciddi iddiadır. 2019-cu ildə iki ölkə arasındanki ticarət dövriyyəsi özünün maksimum həddini- 4,5 milyard dolları keçmişdir. Ötən il isə təxminən 300 milyonluq bir azalma baş verib.

E.Əmirov hesab edir ki, bütün bunlara rəğmən, bu göstəricinin 15 milyardlıq hədəfə tuşlanmasının ciddi əsası var:

“Belə ki, Azərbaycan bazarlarında türk mallarının daha çox olacağı gözlənilir. Dövriyyə artımının kökündə bu dayanır. Çünki Azərbaycanın qeyri-neft sahəsində ixrac potensilı onsuz da o qədər deyil ki, 15 milyard dollar həcmdə ciddi yer tutsun. Azərbaycanın neft-qaz ixracının artması, eləcə də Türkiyədən Naxçıvana qaz xəttinin işə salınması kimi məsələlər də təbii ki, öz töhfəsini verəcək. Amma dövriyyənın ana kanalı türk mallarının idxalı olacaq. Bu zaman Azərbaycan və Türkiyə arasında ciddi güzəştlərlə əlavə ticarət sazişlərinin imzalanması istisna deyil. Bu zaman zərər görəcək əsas sahə türk idxalı ilə eyni təyinatlı məhsulların yerli istehsalı olacaq. Onsuz da möhkəmlənmiş manat yüksək maya dəyərilə başa gələn Azərbaycan məhsullarını xarici məhsullara rəqabətdə uduzdurur. Bu azmış kimi ucuz lirə fonunda yerli məhsulların işi daha da çətin olacaq. İstər Türkiyə bazarlarında, istər Azərbaycan bazarlarında bizim məhsullar məğlubiyyətə məhkumdur. Buna görə də mütləq rəqabətə davamlı olması üçün yeni texnalogiyaya əsaslanan istehsal sahələrinin yaradılması üçün çox ciddi düşünmək lazımdır. Bunun ən effektiv yolu Türkiyə və “BB” reytinqinə sahib şirkətlərinin Azərbaycanda müəssisələr yaratmasıdır. Bu ölkələrin həm texnaloji yanaşma tərzi, həm təcrübəsi, həm də xarici bazar spektri çox genişdir. BB-Azərbaycan, Türkiyə-Azərbaycan, hətta BB-Türkiyə birgə müəssisələrinin də yaradılması isə bizim üçün ixrac potensialının artırılması və qabaqcıl təcrübənin qazanılması üçün ikiqat əhəmiyyətli olardı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   İqtisadiyyat  





Xəbər lenti