Rusiyada iPhone kəskin ucuzlaşdı, bizdə isə...

 Rusiyada  iPhone kəskin ucuzlaşdı, bizdə isə...
  22 İyun 2021    Oxunub:9609
Rusiyada “Apple” brendinin iPhone 12 Pro modelinin qiyməti kəskin ucuzlaşıb. 128 gb daxili yaddaşa malik iPhone 12 Pro hazırda Rusiya bazarında 77 min rubla (1052 dollar) təklif edilir. Lakin ötən həftəyə qədər 100 min rubla (1366 dollar) satılırdı. Yəni 314 dollar fərq var. Telefonun qiymətinin 25 faiz ucuzlaşmasının səbəbini bazarda bu aparatın bolluğu ilə əlaqələndirirlər.
Telefondan daha çox imic aksessuarı sayılan iPhone markasına Azərbaycanda da böyük maraq var. Bəs ölkəmizdə həmin aparatların qiymətləri necə dəyişir?

Azvision.azın əməkdaşı iPhone telefonu satan iri mağaza şəbəkələri ilə əlaqə saxlasa da yalnız birindən “Kontakt Home”dan cavab ala bilib. Qalanları isə bu vacib sirri qəhrəmancasına bürokratik süründürməçiliyin altında gizlətməyə müvəffəq olublar.

“Kontakt Home” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib ki, bu tendensiya “Apple” şirkəti ilə partnyorluq edən bütün rəsmi şəbəkələrdə müşahidə olunur:
- "Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzi olaraq, bütün “Kontakt Home” mağazalarında 01.06.2021 tarixindən qeyd olunan iPhone modellərinin qiymətində ucuzlaşma baş verib. Məsələn, iPhone-un 12/128GN versiyası 2389.99 manatdan 2199.99 manata endirilib. “Kontakt Home” həmin smartfonları bazara məhz brendin region üçün tövsiyə etdiyi rəsmi qiymətlərlə çıxarır.

Dollara çevirsək, A zərbaycanda iPhone 12 Pro 128 gb modeli Rusiyadakı qiymətdən haradasa 242$ bahadır . Onda bəlkə elə xaricdən sifariş edək? Telefon satışı ilə məşğul olan Cavid Salmanlı (modshop.az) məsləhət görmür:
- Hazırda Azərbaycanda telefon bazarının qiymətləri xaricdəki qiymətlərlə əlaqəli deyil, çünki bu sahə monopoliyadadır, iri şirkətlər bu telefonları gətirir və qiymətlər heç kimdən asılı deyil. Yəni “Rusiyada qiymətlər enibsə, bizdə də enəcək” deyə bir şey yoxdur. Qiymətlər standartdır. İphone 12 PRO 128 gb bizdə qeydiyyatla birlikdə 2200 manatdır. Mağazada bu qiymət bir qədər yüksək olacaq. “Rusiyada hazırda ucuzdur”, deyə oradan sifariş etsəniz belə, onu salamat almaq şansınız azdır, çünki karqoları ora-bura atırlar. Ən yaxşı variant odur ki, Rusiyadan kimsə gəlirsə, telefonu alıb gətirsin”.

Aytən Zəhra
Azvision.az



Teqlər: iPhone  





Xəbər lenti