Qəbələdəki Fransa: Daxili turizmdən lavanda ətri gələcək - FOTOLAR

  Qəbələdəki Fransa:  Daxili turizmdən lavanda ətri gələcək -  FOTOLAR
  30 İyun 2021    Oxunub:5238
Bu il ölkədə sanitar-epidemioloji vəziyyətin sabitləşməsi, yoluxmaların azalması fonunda regionlara turist səfərləri artıb. Bu dövrdə əhalinin ən çox üz tutduğu məkanlardan biri isə Qəbələdə yeni salınan lavanda plantasiyası oldu. Fransanın Provans regionundakı valehedici lavanda sahələrinin Vətənimizdə olması turizmin inkişafı, turistlərin cəlb edilməsi baxımından önəmlidir.
Plantasiyanın layihə rəhbəri Samir Nağıyev Azvision.az -a müsahibəsində bildirdi ki, Azərbaycanda tibbi aromatik bitkilərin əkilməsi ilə bağlı 2018-ci ildə qərar qəbul edilib və layihə reallaşdırılıb.

“Çünki Azərbaycanın iqlimi bu bitkiləri yetişdirmək üçün uyğundur. Həm də bu bitkidən istehsal olunan məhsulların ixrac potensialı yüksəkdir. 2019-cu ildə 10 hektar yarım sahədə əkin aparılmışdı. Bu il sahə genişləndirilərək 26 hektara çatdırılıb. Layihənin icrasına başlayanda yalnız istehsalı, lavandadan alınan məhsullarının satışını düşünmədik. Fikirləşdik ki, Fransadakı turistik məkanı niyə Azərbaycana gətirməyək? Beləliklə, prioritet sahə kimi turizmi də nəzərə aldıq və istədiyimiz nəticəyə nail olduq.



- Turistləri bu ildən qəbul etməyə başladınız?

- Lavanda turizmi dünyada ekoturizmin bir növüdür. Biz layihəyə başlayanda Fransa və Türkiyədəki fərqli nümunələrə baxdıq. Fransadakı mənzərəni Azərbaycana gətirdik. Pandemiyaya görə ötən il insanlar regionlara gedə bilmədi. Bu il hər kəs açıq havada gəzməyə çalışır. Biz də çox gözləməməyə qərar verdik və iyunun ayının 5-dən sonra yerli turistləri qəbul etməyə başladıq. Özümüzün çəkdiyimiz və sosial şəbəkələrdə paylaşdığımız videolar rəğbət qazandı və müxtəlif tur şirkətlərindən bizlərə istək gəldi.

Lavanda bitkilərinin 17-18 il ömrü olur. Hər il çiçək açır, lakin üçüncü ildən tam məhsuldarlığa düşür. Bu il şəkli çəkilənlər 2 il, 2 il yarımlıq bitkilərdir. Əslində gələn il tam ideal vəziyyətdə olacaqlar. Boyları böyüyüb maksimal hündürlüyə çatacaq.



- Bu dövrdə nə qədər turist gəlib?

- Tətil günləri və həftəsonları daha çox turist gəlir. Həftəsonları təxmini 400-500 aralığında, həftəiçi günlərdə isə 100-150 turist gəlib. Bu il heç bir plan qurmadan, reklam etmədən prosesə başladıq. 5 gündür artıq biçin prosesi başlayıb, hələ də gəlmək istəyənlər var.

Lavanda bitkisinin çiçəyi iqlimdən asılı olaraq 30-40 gün qalır. İqlim yaxşı olarsa ikinci dəfə də çiçək verə bilər. Bu il avqust ayında ikinci çiçəyin açılmasını gözləyirik. Lakin bu iqlimdən asılıdır. Çiçək olmayanda kol kimi qalır. Amma gələn ildən bitki böyük olacağı üçün çiçək verməmişdən öncəki mənzərə də gözəl olacaq. Çünki tam yaşıl olur, çay plantasiyasına oxşayır. Çiçəklənən dövrdə isə tamam ayrı cür mənzərə olur.

- Plantasiyaya yalnız fotosessiya üçün gəlirlər? Yoxsa ondan hazırlanan məhsulları alanlar da olur?

- Lavanda turizmi yalnız fotosessiya üçün deyil, bitkinin müəyyən xəstliklərə də xeyri var. Lavanda sahəsində gəzmək də çox xeyirlidir. Lavanda bitkisi sakitləşdiricidir, sinir xəstəliklərinə qarşı xeyirlidir. Lavandadan hazırlanan məhsullar bir çox xəstəlikləri müalicə edir. Yağından saç, dəri qulluğu üçün istifadə olunur.



- Plantasiyaya girş qiyməti neçəyədir?

- Bu il simvolik olaraq 5 manat müəyyən etmişdik. Lakin standart hər kəs gəlib 5 manat verəcək deyə bir şey yoxdur. Ailə gəlirsə, ailədən bütövlükdə 5 manat alırdıq. Gələn ildən standart qiymətlər tətbiq etməyi və müştərilərimizə daha yaxşı xidmət göstərməyi planlaşdırırıq.

- Plantasiyada istirahət üçün yerlər təşkil olunacaqmı?

- Bu il turizmə plansız və insanlardan gələn istəklərə görə başladıq. Özünümüzdəki dövrdə gələn insanlara lavanda çayı, bal təamlarını təklif etməyi düşünürük. Artıq lavanda yağımız istehsal olunur. Lavanda çiçəklərindən çay hazırlayırıq. Ölkədə ilk dəfə lavanda balı istehsal etdik. Maraq kifayət qədərdir.

- Bu məhsullar daxili bazarda satılır?

- Lavandadan hazırlanan məhsulların satışı ilkin dövrdə daxili bazarda planlaşdırılır. Satışlara əvvəlcə sahəmizdə başladıq. 20-30 gündən sonra qablaşdırmaya start verəcəyik. Bundan sonra məhsulların satışı Azərbaycanın digər yerlərində həyata keçiriləcək. Satışa əsasən lavanda yağını təqdim edəcəyik. Balı bu il test məqsədilə istehsal etdik. 100-120 kq bal istehsal etmişik. Növbəti ildə bunu artırmağı düşünürük. 400 kq saf lavanda yağı, 1 tona yaxın da saf lavanda suyu istehsal olunub. Bu məhsulları özümüz satmaqla yanaşı, istəklər olarsa, iri müəsssisələrə, gözəlik salonlarına da təqdim edəcəyik.



- Lavanda yağından qida məqsədilə istifadə nəzərdə tutulur?

- Lavanda yağı dünyada istifadə olunan 15 tibbi-aromatik yağdan ən çox müraciət edilənidir. Lavanda yağının istifadə qaydaları genişdir. Kosmetologiya, tibb sahəsində və artıq Avropada qida sənayesində də istifadə olunur. Tərkibində GMO olmadığı üçün italyanlar ondan təbii aromatik şokaladlar istehsal edirlər.

- Xarici bazara nə zaman çıxılacaq?

- Xarici bazarla çıxış üçün müəyyən danışıqlara başlanılıb. Hədəfimiz Avropa, Amerika və Asiya bazarlarıdır.





Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm   Qəbələ   Lavanda  





Xəbər lenti