Ermənilərinin vəziyyəti “rusca”, rusların vəziyyəti “ermənicə"dir – Ədalət Verdiyevin yazısı

   Ermənilərinin vəziyyəti “rusca”, rusların vəziyyəti “ermənicə"dir –    Ədalət Verdiyevin yazısı
  22 Mart 2022    Oxunub:7194
Vətən Müharibəsindən sonra İrəvanda olan Qarabağ erməniləri Rusiyanın Ermənistandakı səfirliyini su yoluna döndəriblər. Ora sanitar qovşağından çox gedirlər. Rusiya səfiri Sergey Kopırkinə günaşırı edilən müraciətlərin əsas mahiyyəti budur: “Qarabağa və ermənilərə kömək edin!”
11 günlük qazsız, 4 gün elektriksiz həyatdan ümidsizliyə sürüklənən ermənilər anlaya bilmirlər ki, Rusiya Qarabağdakı və Ermənistandakı qoşunlarının bir hissəsini Ukraynaya daşımağa qərar veribsə, deməli, onun özünə kömək edən lazımdır. Odur ki, hazırda ermənilərinin vəziyyəti “rusca”, rusların vəziyyəti isə “ermənicədir”.

Həqiqətən də Ermənistanda normal bir beyin tapılmır əhaliyə başa salsın ki, Rusiyanın 30 illik yardımı “sayəsində” son 100 ildə qazandıqlarını hamısını itiriblər. Son 18 ayda edilən aktiv yardımlar belə Azərbaycan Ordusunu dayandıra bilmədi. Sanksiyalar altında əzilən Rusiyanın Azərbaycana ehtiyacının artdığını, Şuşada artıq BMT bayrağının dalğalandığını, hər il Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın bərpa edilən müxtəlif şəhər və rayonlarından Novruz təbriklərini səsləndirməsini nəzərə alsaq, Rusiyanın ermənilərə hansı şəkildə və necə kömək edəcəyini təsəvvür gətirmək çətindir.
Erməni silahlılarının Qarabağdan çıxarılması müzakirə olunub - RƏSMİ

44 günlük müharibə zamanı Qarabağ erməniləri Putinin “Azərbaycan ərazilərinin böyük bir hissəsi işğal olunub” bəyanatını eşitməzliyə vurdular. Putin Qarabağa və ermənilərə aşkar və ya əl altından çox kömək edib, müharibə vaxtı da bunu müşahidə etmişik, amma bu yardımların faydası olmayıb, çünki “Yeməklə doymayan daban yalamaqla doymaz”. Hazırda isə Moskvanın özünə kömək hamıdan çox lazımdır.

Ermənilər Rusiya səfirliyinə müraciət etməklə hələ də sadəlövhcəsinə inanırlar ki, Putinin Qarabağda baş verənlərdən xəbəri yoxdur. Əlbəttə ki, Kremlin hər şeydən xəbəri var, sadəcə onun üçün 92 milyonluq Azərbaycan-Türkiyə birliyi ilə münasibətləri qorumaq 25 minlik erməni icmasının absurd maraqlarını güdməkdən daha vacibdir. Kreml hazırda Ukrayna və Qərblə problemlərinin həllinə çalışır. Buna görə də Qarabağ ermənilərinin Rusiyanın İrəvandakı səfirliyi qarşısındakı aksiyası sadəcə, zaman itkisidir. Belə olmasaydı, Rusiya ən azından Ermənistandakı səfiri Kopırkin səviyyəsində münasibət bildirərdi. Kremlin real vəziyyətdə əvvəl səsləndirdiyi bəyanatların əksinə addım atacağı da mümkün görünmür. Ermənistan ermənilərinin Rusiyaya hərbi dəstək mitinqləri isə sadəcə yaltaqlıq aksiyasıdır. 21-ci əsrin fərari ordusuna malik Ermənistanın hərbi potensialı varsa, əvvəlcə özünə dəstək versin.

Əgər Ermənistan həm Azərbaycanın, həm də Rusiyanın son bəyanatlarından qısa müddətdə lazımı nəticə çıxarmazsa, rəsmi Bakının tezliklə birtərəfli qaydada sərhədlərinin delimitasiyası prosesinə başlayacağına kimsənin şübhəsi olmamalıdır. Azərbaycanın “qarın əriməsi” mövsümündən səmərəli şəkildə yararlandığını Ermənistan tərəfi açı təcrübəsindən yaxşı bilir.

Qarabağ ermənilərinin Kremlə müraciətləri barədə isə danışmağa dəyməz, çünki Moskva buna münasibət belə bildirmir. Bu isə Qarabağ ermənilərinə problemlərinin həlli üçün Azərbaycan hakimiyyətinə müraciət etməli olduqlarına dair işarədir. Əslində Kerml ilə bərabər Ermənistan hakimiyyəti də Qarabağda baş verənlərə qarışmaq niyyətində deyil. İqtidar nümayəndələrinin son aylarda bir dəfə də olsun Qarabağa səfər etməməsi faktdır. Azərbaycanın Qarabağ separatçılari ilə Ermənistan iqtidarı arasında “Xankəndi divarı” inşa etdiyini aşkar şəkildə müşahidə edirik.

Azərbaycan hazırda həm Rusiya, həm Ukrayna, həm İran, həm də ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Rusiya Azərbaycanla müttəfiq olmaq üçün bəyannamə imzalayır, Ukrayna Azərbaycana mövqeyinə görə təşəkkür edir, İran ermənilərin uzun müddət müzakirə etdiyi dəhlizi öz ərazisindən açılması üçün Azərbaycanla sənəd imzalayır, ABŞ isə Azərbaycanın həyata keçirdiyi siyasətə dəstək verməklə bərabər, rəsmi Bakının sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə töhfələrini yüksək qiymətləndirir. Bu siyahıya Türkiyə və İsrail kimi tərəfdaşlarımızı da əlavə etsək, dünyada bu qədər əks qütblərlə bərabərhüquqlu münasibətləri qoruyub saxlayan ikinci dövlət tanımıram.

Belə halda Ermənistan hakimiyyətinin yaxın günlərdə sərhədlərin təyin edilməsi və sülh sazişi ilə bağlı kritik qərarlar verəcəyi ehtimalı böyükdür. Əks halda növbəti “qar ərimə mövsümü” onlar üçün daha ağrılı olacaq. Məşhur uşaq şeirində deyildiyi kimi, “Yaz gələr, artar qəmin”.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti