"Fəzail Ağamalının iddiası məsuliyyətsiz yanaşmadır" - Nazirlik

               "Fəzail Ağamalının iddiası məsuliyyətsiz yanaşmadır" -   Nazirlik
  26 Aprel 2022    Oxunub:1586
Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyib.
O qeyd edib ki, deputatın nazirlik barədə səsləndirdiyi fikirlər populizmdir.

"Çıxın, xalqa deyin ki, pensiyanızı biz kəsmişik" - Deputat
- Millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur.
Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir.
Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir.
Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur, - nazirlik rəsmisi deyib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı "Əmək pensiyaları haqqında qanun"a təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edirəm. Çıxın televiziyaya xalqa deyin ki, pensiyanızı biz kəsmişik".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat  





Xəbər lenti