Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib

Daşkəsəndə “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi icra edilib
  28 Aprel 2022    Oxunub:827
“AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi”nə yekun vurulub.
QSC-dən AzVision.az -a bildirilib ki, tədbirdə çıxış edən “AzerGold”un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov layihənin əsas missiyasının Cəmiyyətin hasilat işləri apardığı bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək olduğunu diqqətə çatdırıb. O, Cəmiyyət tərəfindən mütəmadi olaraq icra edilən bu tip layihələrin sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək göstərmək, əhalinin rifah halının yüksəldilməsinə xidmət etmək olduğunu qeyd edib. Sədr müavini gələcəkdə də bölgədə kiçik və orta sahibkarlığın təşviqi üçün müvafiq layihələrin icra ediləcəyini vurğulayıb.

Daha sonra KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev dövlət qayğısı sayəsində regionda sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verib, sözügedən layihənin töhfələrindən danışıb. O, təlimə cəlb edilmiş yerli fermerlərlə mütəmadi əlaqə saxlanılacağını və dəstəyin davam etdiriləcəyini qeyd edib.

Daha sonra təlim və praktiki məşğələlərdə iştirak etmiş Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər sertifikatlarla təltif olunublar. Tədbir çərçivəsində Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacları əkilib, günün sonunda fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.

Xatırladaq ki, layihənin ilkin mərhələsi çərçivəsində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş təşkil olunub. Layihənin növbəti mərhələsində isə müəyyən edilmiş ehtiyaclar üzrə cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə üçgünlük nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Proqram çərçivəsində parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Eyni zamanda, KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminar keçirib. Təlimlərdə fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.


Teqlər: Daşkəsən   Arıçılıq  





Xəbər lenti