Mask “Twitter”in gəlirini beş dəfə artırmağı planlaşdırır

   Mask “Twitter”in gəlirini beş dəfə artırmağı planlaşdırır
  07 May 2022    Oxunub:1000
“Twitter”i əldə edən milyarder İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.
Bu barədə “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadən xəbər yayıb. Onun sözlərinə görə, Mask 2028-ci ilə qədər Twitter-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub.

Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır. O, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını, 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir.

Eyni zamanda, Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq. Mayın əvvəlində Mask Twitter-in təşkilatlar və dövlət qurumları üçün pullu ola biləcəyini, sosial şəbəkənin isə adi istifadəçilər üçün pulsuz qalacağını açıqlamışdı.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Mask  





Xəbər lenti