Azərbaycan daha bir reytinqdə birinci oldu

Azərbaycan daha bir reytinqdə birinci oldu
  30 Aprel 2014    Oxunub:1061
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” ("The Global Information Technology Report 2014") illik hesabatında Azərbaycan informasiya texnologiyaları sahəsində ölkələrin inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Bu reytinq cədvəlinə əsasən ölkəmiz bir çox aparıcı ölkələri də qabaqlayıb. Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu, ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir.

Eyni zamanda, “Şəbəkələşmə hazırlığı indeksi”nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında İnternet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı İnternet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.

Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanmış və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 1-ci yeri tutur.

Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb, dünya nəhənglərindən isə Çin (62), Braziliya (69) və Meksikanı (79) arxada qoyub (APA).


Teqlər:





Xəbər lenti