Aşağı dozalı aspirin yaşlılar arasında diabet riskini 15% azaldıb

 Aşağı dozalı aspirin yaşlılar arasında  diabet riskini 15% azaldıb
  01 Sentyabr 2023    Oxunub:1539
ABŞ və Avstraliya alimləri 16 min yaşlı insanın həyatını uzunmüddətli müşahidə etmələri zamanı müəyyən ediblər ki, müntəzəm olaraq kiçik dozalarda aspirin qəbulu şəkərli diabetin inkişaf riskini 15% azaldır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Diabetin Tədqiqi Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əldə edilən nəticə könüllülərin orqanizmində iltihab ocaqlarının sayının azalması ilə bağlıdır.

“Aspirindən istifadə diabetin inkişaf tezliyini və könüllərin yaşlanan orqanizminə baxmayaraq bədənlərində qanda qlükozanın yüksəlməsinin sürətini azaldıb".

Bu nəticəyə Melburndakı Monaş Universitetinin professoru Sofiya Zunqasın rəhbərlik etdiyi bir qrup alim "ASPREE" monitorinq layihəsində iştirak edən 65 və daha yuxarı yaşlı 16 min insanın sağlamlığının müşahidəsi zamanı gəlib. Layihə kiçik dozalarda aspirinin yaşlı insanların orqanizminə təsirini, o cümlədən sınıqların və ürək xəstəliklərinin hallarını və qocalma sürətini azaldıb-azaltmadığını hərtərəfli öyrənir.

Bu müşahidələr zamanı tədqiqatçılar həmçinin könüllülər arasında II tip diabetin nə qədər tez-tez baş verdiyini izləyiblər, onların təxminən 6%-i monitorinqin ilk beş ilində diabetə çevrilib.

Məlum olub ki, gündəlik 100 mq aspirin qəbulu plasebo qəbul edən qrupu ilə müqayisədə iştirakçılarda şəkərli diabet xəstəliyinə tutulma hallarını 15% azaldıb. Həmçinin aspirin qəbulu nəticəsində acqarına qanda qlükoza səviyyəsi daha yavaş artıb. Bu, antiinflamatuar dərmanların diabetin inkişaf riskini azalda biləcəyini göstərir və aspirindən fərqli olaraq qanaxma riskini artırmayan digər dərmanlarla klinik sınaqlara ehtiyac olduğunu göstərir, müəlliflər deyirlər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bu gün təxminən 463 milyon insan yüksək qan şəkəri səviyyəsi ilə xarakterizə olunan diabetdən əziyyət çəkir. 1-ci tip şəkərli diabet orqanizmin insulin istehsal edə bilməməsi səbəbiylə həyatın erkən yaşlarında, 2-ci tip diabet isə artıq çəki, fiziki olaraq hərəkətsiz olmaq və genetika kimi amillərin birləşməsindən yaranır. Elm adamları bir neçə onilliklər ərzində bu xəstəliklərin inkişafına kömək edən mümkün risk faktorlarını öyrənirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti