Azərbaycandan Putinə “yox” cavabı

Azərbaycandan Putinə “yox” cavabı
  10 İyun 2014    Oxunub:1348
Putinin təklifinə YAP “yox” dedi

“Biz Avrasiya İttifaqına daxil olmaq təşəbbüsündə bulunmuruq. Azərbaycan müstəqil dövlətdir, bütün tərəflərlə ikitərəfli münasibətlərə daha çox üstünlük verilir”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanın Avrasiya İttifaqına qoşulması ehtimalına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan hər hansı ittifaqın yaranmasına qarşı deyil: “Bu məsələyə Azərbaycanın münasibəti bəllidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin mövqeyi açıqlanıb. Bizim mövqeyimiz də dəfələrlə səsləndirilib. Hansı ölkə istəyir, ittifaqlara daxil ola bilər, amma bizim qoşulmaq istəyimiz yoxdur”.

M.Qurbanlı Rusiya Prezidenti Putinin Azərbaycana sözügedən ittifaqa qoşulması ilə bağlı etdiyi dəvətdən xəbərsiz olduğunu deyib: “Rusiyanın müraciəti ilə bağlı da heç bir xəbərim yoxdur. Belə bir müraciət varsa, yəqin ki müvafiq qurumlarımız onunla bağlı mövqe bildirəcəklər. Mənim səlahiyyətim yoxdur ki, hansısa bir ölkənin müraciətinə dövlət adından mövqe nümayiş etdirim”.

Qeyd edək ki, Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya və Belarus KİV-i məlumat yayıb. Həmçinin bildirilir ki, ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti