Bakıda yeni bulvar salınır

“Bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 5 hektar olan park 50 hektara qədər böyüdüləcək. Parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb”, - deyə Vüsal Babayev bildirib.
Qeyd edək ki, yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür.
Eyni zamanda, köhnə dəmir yolu stansiyalarının istismara yararsız binalarının sökülərək yerlərinin abadlaşdırılması və yaşıllıqların salınması işləri davam edir.
“Gələcəkdə həmin ərazidə sakinlərin rahat istirahəti üçün çimərlik də salınacaq. Bunun üçün dənizin dibində su təmizlənəcək. Bundan başqa quru ilə əlaqəni yaratmaq üçün körpü salınacaq”, - deyə Vüsal Babayev vurğulayıb.
Qeyd edək ki, hələlik bulvar ərazisində çimərliyin salınacaq tarixi dəqiq deyil.
Teqlər: