Haitidə paytaxt silahlı dəstənin əlinə keçdi: Baş nazir istefa verəcək

   Haitidə paytaxt silahlı dəstənin əlinə keçdi:    Baş  nazir istefa verəcək
  12 Mart 2024    Oxunub:800
Haitinin baş naziri Ariel Henri dəstələrin paytaxt Port-o-Prensin çox hissəsini ələ keçirməsi və hökumət binalarına hücum etməsindən sonra istefa verəcək.
Bu barədə Qayana prezidenti İrfaan Əli Yamaykada Karib İcması ölkələrinin nümayəndələri arasında aparılan danışıqlardan sonra bildirib. Onun məlumatına görə, Ariel Henri keçid prezident şurası yaradıldıqdan və müvəqqəti baş nazir təyin edildikdən sonra istefa verəcək.

Bununla bağlı məlumatı CNN-ə baş nazirin müşaviri Jan Junior Jozef də təsdiq edib. O vurğulayıb ki, səlahiyyət müddəti başa çatan baş nazir müvəqqəti hökumət qurulana qədər vəzifəsində qalacaq.

Qeyd edək ki, A. Henri ölkədə hava limanları bağlandığı üçün Keniya səfərindən sonra Haitiyə qayıda bilməyib. O hazırda Puerto Rikodadır.

Martın 3-də silahlı qruplar Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar. Martın 4-də hökumət paytaxtda fövqəladə vəziyyət və komendant saatı tətbiq edib.

Ölkə demək olar ki, tamamilə həmin dəstələr tərəfindən idarə olunur. Ölkənin dəniz və hava limanları işləmir. Martın 9-da silahlı dəstələr prezident sarayına hücum ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti