Nikol Brüsseldə İrəvanı yeni müharibəyə sürüklədi - Ermənistan mətbuatı

 Nikol Brüsseldə İrəvanı yeni müharibəyə sürüklədi -   Ermənistan mətbuatı
  08 Aprel 2024    Oxunub:1214
Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşündə iştirak edərək bəyanatlar verməsi yerli mediada birmənalı qarşılanmayıb.
Təhlilçilər, siyasətçilər, əksər müxalifət saytları Brüssel görüşünü ölkə rəhbərinin açıq şəkildə siyasi və diplomatik təxribata əl atması kimi qiymətləndirirlər.

Məsələn, "7or.am", "Yeravan Today" ve "Zham.am" saytlarında David Mkrtçyan imzasıyla dərc olunan təhlil yazısı bu mənada diqqət çəkib. Müəllif yazıb ki, Paşinyan üçtərəfli görüşə qatılmaqla yeni müharibənin təməlini qoymuş oldu.

Qərb niyə İrəvanda korrupsiya və mafiya hakimiyyətini təşviq edir?
"Aprelin 5-də baş tutan uğursuz üçtərəfli görüşdən sonra region ölkələri bu toplantıya açıq şəkildə mənfi qiymət verdilər. Əslində Nikol Paşinyan məlum addımı ilə ailə biznesinin maraqları naminə Ermənistana yeni müharibə qurbanları və ərazi itkiləri gətirməyə hazırlaşmış oldu", - məqalədə yazılıb.

Mkrtçyan iddia edib ki, Paşinyan və onun əsas silahdaşlarından sayılan parlamentin spikeri Alen Simonyana bu görüşdən əvvəl Tavuşdakı Azərbaycan kəndləri məsələsi ətrafında səs-küy qoparmaq lazım imiş.

"Bu hakim cinayətkar qrup Qarabağın faktiki təslim edilməsindən sonra müxalifətin susqunluğu şəraitində Ermənistan ərazilərinin qismən güzəşti prosesinə də keçib. Paşinyan üçün artıq onun bir ya min cinayət törətməsinin fərqi yoxdur. O bilir ki, cinayətlərinin cəzası olmur. Nə qədər ki, belə cəzasızlıq mühiti var, baş nazir son şanslarından da istifadə etməyə çalışır. Nəticədə baş nazirin Qərbdəki ağaları ölkə rəhbərinin Rusiyaya qarşı hərəkətlərinə qiymət verərək ona vətənini talan etmək üçün zəmanətli şərait də yaradacaqlar", - müəllif qeyd edib.

Mkrtçyan hakim komandanın da məsuliyyət daşıdığını yazıb: "Maraqlıdır, bəs bu gün Paşinyanın komanda yoldaşları nə düşünürlər? Bəyəm hər kəsin cibində hazır "green card" var? Məncə yox. Əgər onlar Paşinyanın talanlarından sonra İrəvana sahiblənəcək yeni qüvvələrlə qarşılıqlı şəkildə anlaşma əldə edə biləcəklərini düşünürlərsə, o zaman dərindən yanılırlar. Əvvəlki hakimiyyətdən, Qarabağ klanından fərqli olaraq, indikilərin cinayətləri bağışlanılmazdır. Ona görə də bu komanda üçün heç bir güzəşt falan olmayacaq. Onların xilasının yeganə təminatı o ola bilər ki, komandada təmsil olunanlar bu gün öz əməlləri ilə ölkə maraqlarını Paşinyan ailəsinin biznes maraqları naminə qurban verməyə razı olmadıqlarını göstərsinlər".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Hakimiyyət  





Xəbər lenti