Metronun iş qrafiki dəyişir

 Metronun iş qrafiki dəyişir
  14 İyun 2024    Oxunub:967
İyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
Bu barədə AzVision.az -a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hər iş günü qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.

- İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

- Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.

- Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

- Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

Xətlərin “28 May” stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edə bilər.

Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədar “Ulduz-Həzi Aslanov” sahəsində intervallar daha çox ola bilər.

İyun ayının 20-də “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.

Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti