Qədim Misir fironunun itmiş məzarı tapılıb

   Qədim Misir fironunun itmiş məzarı tapılıb
  20 Fevral 2025    Oxunub:493
Misirin Luksor şəhəri yaxınlığında Qədim Misirin 18-ci sülaləsinin dördüncü fironunun - II Tutmosun məzarı aşkarlanıb.
AzVision.az xəbər verir ki, Misirin Misir Qədim Əsərlər və Turizm nazirliyinə istinad edən “Heritage Daily (HD” nəşri belə məlumat yayıb.

Bu hökmdar qədim sivilizasiya tarixində ən qaranlıq personajlardan biri hesab olunur. Hökmdarlığı dövründə ögey bacısının və arvadı Hatşepsutun kölgəsində qalıb. II Tutmos I Tutmosun ikinci arvadı Mutnofretdən olan oğlu idisə, Hatşepsutun anası Ahmos onun əsas arvadı olub.

Bəzi arxeoloqlar həmin dövrdə əsl gücün Hatşepsuta məxsus olduğunu düşünürlər. Ərinin ölümündən sonra Hatşepsut əri-qardaşına həsr olunmuş abidələrin bir hissəsini mənimsəmiş və kral kartuşlarında (heroqliflərdə işarə) onun adını öz adı ilə əvəz edib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Vadi Qabbanat əl-Kuroudda kral məzarı tapılıb. O, III Tutmosun arvadlarının və Hatşepsutun özünün məzarlarının yaxınlığında yerləşdiyinə görə arxeoloqlar əvvəlcə bu məzarın fironun arvadı üçün yaradıldığını güman edirdilər. Türbə C4 kimi qeyddən keçdi. Kəşfdən sonra aparılan araşdırmalar zamanı C4-ün məhz II Tutmosa aid olduğu müəyyənləşdi. Bu reallığı məzarda qorunub saxlanılan qab qırıqlarının üzərindəki yazılar sübut edir.

Qədim dövrlərdə II Tutmosun qalıqları 18-ci və 19-cu sülalələrin nümayəndələrinin yanında - Deyr əl-Bahari yaxınlığındakı gizli məzarda yenidən dəfn edildi. Çar üçün qazılmış bu gizli məzar 19-cu əsrdə tapılıb.


Rusiya Elmlər Akademiyasının Misirşünaslıq Araşdırmalar Mərkəzinin direktoru Sergey İvanovun sözlərinə görə, fironlar dəfn edildikdən dərhal sonra onların məzarlarına quldurlar gəlirmişlər.

“Yeni Hökmranlıq dövrünün sonunda bu proses o qədər geniş vüsət aldı ki, çar nekropoluna cavabdeh olan Karnakdakı Amun tanrısının kahinləri fironları iki məzarda yenidən basdırmağa qərar verdilər. Onlardan biri II Amenhotepin Çarlar Vadisindəki məzarı, digəri isə Çariça Hatşepsut məbədinin üstündə yerləşən Deyr əl-Baharidəki gizli məzardır”, - rusiyalı alim bildirib.

Hatşepsut və II Tutmosun yalnız Nefrura adlı bir qızları olub. Fironun ölümündən sonra hakimiyyət onun hərəmxanada döğulmuş oğluna, Qədim Misirin ən böyük hökmdarlarından birinə çevriləcək III Tutmosa keçdi. Tacqoyma zamanı o, hələ uşaq olduğuna görə, Hatşepsut onun regenti vəzifəsini tutaraq, öz mövqeyini gücünü gücləndirə bildi və bir neçə ildən sonra özünü firon elan etdi.


Əvvəlki 1500 il ərzində Qədim Misirdə yalnız iki, bəlkə də üç qadın hakimiyyətə gəlib. Onlar yalnız qanuni kişi varis olmadığı üçün taxt-taca oturublar. Kleopatra isə 14 əsrdən sonra taxta çıxacaqdı.

II Tutmosun məzarı Tutanxamonun məzarı açıldıqdan sonra tapılan ilk çar məzarıdır. Bu fironun məzarı bir neçə il ingilis Hovard Karter tərəfindən axtarılıb. Onun rəsmi açılığı 1922-ci il noyabrın 26-da olub.

Həmin qazıntıları aristokrat Corc Herbert maliyyələşdirib. Karter kəşfinə görə Böyük Britaniyada nə akademik, nə də kral mükafatı alıb. Ehtimal olunur ki, misirşünaslar bəlkə də tədqiqatçının pis xasiyyətinə, xüsusi təhsilinin olmamasına və ya paxıllığa görə ondan qaçırdılar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:





Xəbər lenti